Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə tədbirlər başladı

17.03.2022

16 mart 2022-ci il tarixində “Elm günü” münasibətilə dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin Ev Muzeyinin ərsəyə gətirdiyi “Cavidşünaslıq” çoxcildliyinin təqdimat mərasimi keçirilib. Bu mərasim ədibin 140 illiyi ərəfəsində muzeydə təşkil olunan ilk tədbirdir. Görkəmli elm xadimləri və cavidsevərlərin iştirak etdiyi təqdimat mərasimini çoxcildliyin tərtibçisi və ön sözün müəllifi, Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açdı. O, çıxışında təqdimatı keçirilən çoxcildlikdə dahi şair və dramaturqun fəaliyyətinin ilk illərindən 2018-ci ilədək dövrü mətbuatda dərc olunan H.Cavid şəxsiyyəti və sənəti ilə əlaqədar bütün materialların toplandığını, 1912-ci ildən bəri müxtəlif qrafikalarda nəşr olunmuş məqalələrin transliterasiya olunaraq müasir əlifbada oxucuların istifadəsinə verildiyini və bununla da tədqiqatçıların arxivlərdə araşdırma aparmasına ehtiyac qalmadığını qeyd edib. G.Babaxanlı mütəxəssislərin “Cavidşünaslıq” araşdırmalar toplusunun Hüseyn Cavidə ucaldılmış mənəvi abidə kimi qiymətləndirdiyini və multidissiplinar araşdırma bazası olduğunu nəzərə çatdırıb. Daha sonra tədbiri aparmaq üçün sözü AMEA-nın vitse-prezidenti, çoxcildliyin elmi məsləhətçisi, akademik İsa Həbibbəyliyə verib.
Akademik İsa Həbibbəyli giriş nitqində 30 cildlik toplunun uzun illər gərgin əməyin məhsulu olduğunu vurğulayıb, onu cavidşünaslığın salnaməsi kimi qiymətləndirib. Alim bildirib ki, “Cavidşünaslıq” toplusu həm humanitar elmimiz üçün bir hadisə, həm də Azərbaycan Milli Elmlər Akademiyasının tarixində bir ilkdir. Çünki bu vaxta qədər nəinki akademiyada, hətta ölkədə konkret bir sənətkar haqqında olan materiallar bu formatda bir yerə toplanmamış, çoxcildlik halında nəşr olunmamışdır. Bu toplu və ədibin ev muzeyinin çap etdirdiyi digər nəşrlər onu göstərir ki, AMEA Hüseyn Cavidin Ev Muzeyi ölkəmizdə cavidşünaslığın mərkəzidir. İ.Həbibbəyli Humanitar Elmlər Bölməsinin rəhbəri kimi humanitar sahənin alimlərini “Cavidşünaslıq” toplusundan faydalanmağa çağırıb və həmin bölmənin institutlarında bu materialların tədqiqata cəlb olunması üçün gənc araşdırmaçılara dissertasiya mövzusu verilməsinin vacibliyi məsələsinə də toxunub.
Tədbirdə layihənin rəhbəri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, həmçinin Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Əlyazmalar İnstitutunun icraçı direktoru, filologiya elmləri doktoru Paşa Kərimov və muzey əməkdaşları çıxış edib. Onlar toplunun Hüseyn Cavid irsinin öyrənilməsi və yaşadılması, gənclərin azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından xüsusi əhəmiyyət daşıdığını, təqdim olunan çoxcildliyin müasir dövrün cavidşünasları üçün qiymətli bir xəzinə, ədəbiyyatşünaslar, teatrşünaslar, folklorşünaslar, filosoflar və digər sahələrin tədqiqatçıları üçün əlçatan istinad mənbəyi olacağını vurğulayıblar. Bildiriblər ki, “Cavidşünaslıq” araşdırmalar toplusunun bədii-qrafik həllinə də fərqli yanaşılıb, çoxcildliyin tərtibində müasir və ənənəvi prinsiplərin vəhdəti gözlənilib.
Tədbirin sonunda muzeyin ekspozisiya zallarına baxış keçirilib, təqdimat mərasiminin iştirakçıları xatirə şəkilləri çəkdiriblər.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.