Hüseyn Cavidin Ev Muzeyində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

25.02.2022

AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 28 yanvar 2022-ci il tarixli “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” Sərəncamına müvafiq olaraq “Xocalı soyqırımı, yaxud iblislərin vəhşət saçan əməli” mövzusunda anım tədbiri keçirilib.
Soyqırım qurbanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri muzeyin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açıb. O, erməni faşistlərinin 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qeyri-insani qətliamın, kütləvi soyqırım aktının xalqımızın tarixindəki ən dəhşətli faciələrdən biri olduğunu qeyd edib. Alim bildirib ki, mənfur düşmən beynəlxalq humanitar hüquqda yolverilməz sayılan soyqırım cinayətinə şüurlu, məqsədli şəkildə, bilərəkdən əl ataraq misli görülməmiş qırğın törədib.
G.Babaxanlı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin 1994-cü ildə “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi Qərar qəbul edildiyinə, həmin tarixi sənəddə hadisənin başvermə səbəbləri və günahkarlarının açıqlandığına diqqəti çəkib. Natiq 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başladılmış “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının dünya ölkələrində bu faciənin soyqırım aktı kimi qiymətləndirilməsindəki əhəmiyyətli rolundan söz açıb.
Tədbirdə çıxış edən digər iştirakçılar bildiriblər ki, insanlıq əleyhinə cinayət olan belə faciələrin bir daha təkrarlanmaması üçün xalqımızın başına gətirilən bu və bunun kimi soyqırım aktları daha dərindən öyrənilməli, gənc nəslə, eyni zamanda beynəlxalq ictimaiyyətə təfsilatı ilə çatdırılmalıdır.
Anım tədbirinin sonunda bu qanlı cinayət aktına həsr olunmuş “Xocalı – XX əsrin ən dəhşətli faciəsi” adlı sərgiyə baxış keçirilib.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.