“Şuşa ili”nə və Hüseyn Cavidin 140 illiyinə töhfə

05.02.2022

Şuşa Dövlət Musiqili Dram Teatrı repertuarına görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Ana” mənzum dramını əlavə edib. Dahi şair Hüseyn Cavidin 140 illik yubileyi və 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq AMEA Hüseyn Cavidin Ev Muzeyi və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə layihəsi əsasında 5 fevral 2022-ci il tarixində pyesin təqdimat mərasimi keçirilib. Pyesin yeni quruluşda ikinci premyerasından öncə teatrın foyesində dahi şairin əsərlərinin muzey tərəfindən nəşrə hazırlanan nüsxələrindən ibarət kitab sərgisinə baxış keçirilib, H.Cavidin şeirləri muğam üçlüyü tərəfindən ifa olunub, dramaturqun “Ana” əsəri haqqında, onun yeni quruluşda səhnəyə qoyuluşu barədə tamaşaçılara ətraflı məlumat verilib. Təqdimat mərasimində AMEA Hüseyn Cavidin Ev Muzeyini təmsil edən aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə dramaturqun sənət yolundan, onun ilk səhnə əsəri olan “Ana” mənzum dramından, pyesin mövzu, ideya və fabulasından, səhnə taleyindən danışıb. Hüseyn Cavid dramaturgiyasının hər zaman aktual olduğunu vurğulayan məruzəçi nitqində müasir gənclərin mənəvi tərbiyəsində “Ana” əsərinin də özünəməxsus yeri olduğunu qeyd edib.
Daha sonra tədbir iştirakçıları Əməkdar artist Loğman Kərimovun quruluşunda hazırlanan H.Cavidin “Ana” pyesinə tamaşa ediblər.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.