Hüseyn Cavidin Ev Muzeyində Zəfər günü münasibətilə tədbir keçirilib

07.11.2022

Hüseyn Cavidin Ev Muzeyində 8 Noyabr - Zəfər günü münasibəti ilə tədbir keçirilmişdir. Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Duydum şöhrətini bütün ellərdə, Zəfər dastanların gəzir dillərdə!” devizi altında keçirilən tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Vətən müharibəsində həlak olan həmvətənlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Dövlət himni səsləndirilib. Tədbiri giriş sözü ilə muzeyin baş direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı açıb. O, öz çıxışında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlıqlarından söz açıb, bu tarixi qələbənin ölkə başçısının uğurlu daxili və xarici siyasətinin, ordu quruculuğuna göstərdiyi diqqət və qayğının nəticəsində əldə olunduğunu bildirib. Vurğulayıb ki, Azərbaycanın cəsarətli əsgər və zabitləri onun komandanlığı altında yeni qəhrəmanlıq dastanı yaradıb, döyüş meydanında şəhid olan həmvətənlərimiz öz qanları ilə Azərbaycan tarixinə yeni şanlı bir səhifə yazıb.
Tədbirdə həmçinin muzeyin digər əməkdaşları çıxış edib, bu şanlı qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu qeyd ediblər, xalq, iqtidar və ordu birliyinin qələbəyə aparan yolun əsası olduğunu diqqətə çatdırıblar.
Qeyd edə ki, Zəfər gününə həsr olunmuş tədbirə özəl olaraq qonaq qismində Heydər Əliyev adına Hərbi İnstitutun bir qrup II və III kurs müdavimləri və həmin institutun nəzdində fəaliyyət göstərən muzeyin əməkdaşları dəvət olunublar. Daha sonra tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış olublar.



















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.