Türkiyənin Naxçıvandakı baş konsulu Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub

17.08.2022

Bu günlərdə Türkiyə Cümhuriyyətinin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu, cənab Mehmet Emin Kiraz Hüseyn Cavidin Ev Muzeyinin qonağı olub. Diplomata böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat-yaradıcılığı, ictimai-pedaqoji fəaliyyəti, faciəli taleyi haqqında, böyük ədibin xatirəsinin əbədiləşdirilməsi, Bakıda və Naxçıvanda ev muzeylərinin yaradılması, məzarının uzaq Sibirdən Vətənə gətirilməsi, Naxçıvanda məzarı üzərində məqbərəsinin ucaldılması sahəsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.
Konsul muzeyin ekspozisiya zalları ilə tanış olub, onda burada sərgilənən eksponatlar, xatirə əşyaları, müəllifin təsadüf nəticəsində günümüzə qədər gəlib çatan bəzi əlyazmaları, əsərlərinin müxtəlif illərdəki nəşri, pyeslərinin səhnə həyatı ilə əlaqədar geniş təəssürat yaradılıb. Muzey əməkdaşları Hüseyn Cavid, ümumiyyətlə Cavidlər ailəsi ilə bağlı qonağı maraqlandıran sualları cavablandırıblar. O, muzeydə aparılan tədqiqat işləri ilə də maraqlandığını bildirib.
Mehmet Emin Kiraz muzeyin rəy kitabına öz ürək sözlərini yazıb, şairin ev muzeyini ziyarətdən məmnun qaldığını bildirib, Hüseyn Cavidi “türk birliyinin ən böyük müdafiəçilərindən biri, Azərbaycanın olduğu qədər bütün Türk dünyasının da fəxri” adlandırıb. Daha sonra qonaq xatirə şəkli çəkdirib, ona muzeyin nəşrlərindən bir neçəsi hədiyyə olunub.















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.