Hüseyn Cavidin ev muzeyinin eksponatları göz bəbəyi kimi qorunur

30.07.2022

Son günlər bəzi saytlarda AMEA arxivlərindəki əsli materialların, o cümlədən görkəmli şəxsiyyətlərə aid əlyazmaların, fotoşəkillərin, eksponatların bəzi şəxslər tərəfindən gizli şəkildə AMEA-dan çıxarılması, mənimsənilməsi, mənzillərə daşınması ilə bağlı əsassız iddialar səsləndirilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən yaradılmış, 20-ildən artıq müddətdə AMEA-nın tabeliyində olmuş, ədəbi-bədii, tarixi eksponatların qorunduğu müəssisələrdən biri də görkəmli Azərbaycan şairi Hüseyn Cavidin ev-muzeyidir. Bu günlərdə Prezident İlham Əliyevin məlum fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyinə verilmiş Hüseyn Cavidin ev-muzeyində Cavidlər ailəsinin həyat və yaradıcılığı ilə bağlı 11000 eksponat göz bəbəyi kimi, xüsusi qaydada qorunur, tədqiqatçılara və ziyarətçilərə yalnız muzey əməkdaşlarının nəzarəti altında təqdim olunur. Muzeyin otaqlarına, o cümlədən ekspozisiya-sərgi məkanına, arxivinə 24/7 rejimində videokameralar vasitəsilə nəzarət olunur, avtomatik çəkiliş aparılaraq yaddaşda saxlanılır, həmin görüntülər gündəlik təftiş edilir. Bütün arxiv-muzey qaydaları çərçivəsində pasportlaşdırılmış və qeydiyyata alınmış eksponatların hansısa formada muzeydən çıxarılmasına yol verilmir, bina Daxili İşlər Nazirliyinin Mühafizə xidmətinin əməkdaşları tərəfindən xüsusi şəkildə qorunur. Muzey Hüseyn Cavid irsini, onun həyat və yaradıcılığı ilə bağlı materialları uzun illərdir ki məsuliyyətlə mühafizə edir, bundan sonra da bu şərəfli işi davam etdirəcəkdir. Cavidsevərlərin bundan qətiyyən şübhəsi olmasın!















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.