“Cavid hikməti” seçmə aforizmlər kitabı yeni redaksiyada işıq üzü görüb

07.07.2022

AMEA Hüseyn Cavidinin Ev Muzeyi böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140 illiyi ərəfəsində sənətkarın əsərlərindən seçmə aforizmləri yeni redaksiyada, əlavələr edərək nəşr etdirib. Oxucuların marağını nəzərə alaraq ilk dəfə cib dəftərçəsi formatında nəşr olunan kataba mütəfəkkir şair Hüsey Cavidin insanlıq, haqq, ədalət, vətən, millət, qadın, məhəbbət haqqında müdrik sözləri və cəmiyyəti narahat edən müxtəlif aktual problemlərlə bağlı kəlamları daxil edilib. Aforizmlər H.Cavidin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “iblisin intiqamı” pyeslərindən, “Azər” poemasından və məqalələrindən seçilmişdir.
Yeni nəşrin tərtibçisi AMEA Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı kitaba yazdığı “Cavid hikməti” adlı ön sözdə Azərbaycanın böyük oğlunun hər nə qədər bütün bəşəriyyətin taleyini düşünsə də, ilk öncə öz xalqının, elinin, obasının oğlu kimi türkün taleyi üçün narahat olduğunu göstərib.
Qeyd edək ki, kitabın redaktoru akademik Teymur Kərimli, nəşrə hazırlayanı tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.