Hüseyn Cavidin vəfatının 80 illiyi münasibəti ilə tədbir keçirilib

03.12.2021

XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri, böyük şair və dramaturq Hüseyn Cavidin vəfatından 80 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirilib. Muzeyin baş direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı tədbiri açaraq ədibin keşməkeşli həyat yolundan, zəngin yaradıcılığından, faciəli taleyindən danışıb. O bildirib ki, 1941-ci ilin 5 dekabr tarixində Vətəndən uzaqda – İrkutsk vilayətinin Tayşet rayonunda 59 yaşında vəfat edən Hüseyn Cavidin ölüm xəbəri ailəsinə illər sonra çatdırılıb, onun ölüm şəhadətnaməsi bu hadisədən 7 il sonra həyat yoldaşına təqdim olunub. Bununla da Cavidlər ailəsi kimi, cavidsevərlər də böyük şairlə qovuşacağına, yeni əsərlərinin nəşr olunacağına, yeni pyeslərinin səhnələşdiriləcəyinə ümidini itirib. 6 mart 1956-cı il tarixində Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət qazansa da, uzun müddət ədibin əsərləri seçilərək səhnələşdirilib, sovet konyekturasına uyğunlaşdırılaraq təqdim olunub, dili və üslubu dəyişdirilərək çap edilib. Beləliklə də, böyük mütəfəkkir sənətkarın əsas qayəsi məqsədli şəkildə pərdələnib.
G.Babaxanlı çıxışında Cavidə əsl bəraətin dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildiyini qeyd edib. O bildirib ki, şairin nəşi məhz Ulu Öndərin səyi nəticəsində uzaq Sibirdən Azərbaycana – öz doğma Vətəninə gətirilib, doğulub, boya-başa çatdığı Naxçıvan şəhərində torpağa tapşırılıb. Adının əbədiləşdirilməsi istiqamətində ilk və qəti addımlar da onun Azərbaycana rəhbərlik etdiyi illərdə atılıb. Məhz Ümummilli Liderin göstərişləri sayəsində H.Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edilib, Bakıda və Naxçıvanda ev muzeyləri yaradılıb, Naxçıvandakı məzarı üzərində möhtəşəm məqbərə ucaldılıb.
Daha sonra natiq Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali baş komandan, cənab İlham Əliyevin də Hüseyn Cavid şəxsiyyətinə, onun sənətinə yüksək qiymət verdiyini, əsərlərinin latın qrafikası ilə nəşr olunması, 130, 135 illik yubileylərinin təntənəli şəkildə keçirilməsi haqqında sərəncam imzaladığını diqqətə çatdırıb.
Tədbirdə həmçinin muzeyin əməkdaşları və qonaqlar da çıxış edərək AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi şairin əsərlərinin nəşri, tədqiqi və təbliği sahəsində görülən işlərdən danışıblar.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.