Qarakalpaqstanda Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzi fəaliyyətə başlayıb

09.11.2021

Bu günlərdə Özbəkistanın Qarakalpaqstan Respublikasında yerləşən Acıniyaz adına Nukus Dövlət Pedaqoji İnstitutunda Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzinin açılışı olub. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə dahi şair Hüseyn Cavidin adını daşıyan mərkəzin açılışında universitetin professor-müəllim heyəti ilə yanaşı, Bakıdan və Daşkənddən gələn mötəbər qonaqlar, hökumət nümayəndələri, mədəniyyət xadimləri və jurnalistlər iştirak edib.
Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində nümayiş olunan müxtəlif mövzulu eksponatlar sırasında dahi şair və dramaturq Hüseyn Cavidin portreti, onun həyat və yaradıcılığı haqqında Azərbaycan, özbək, rus dillərində məlumat lövhələri və AMEA Hüseyn Cavidin Ev Muzeyinin nəşrləri də yer alıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasov yeni Mədəniyyət və Ədəbiyyat Mərkəzinin açılış mərasimində çıxışı zamanı Özbəkistanla mədəni əlaqələrin inkişafında Hüseyn Cavidin böyük rolu olduğundan, ədibin dram əsərlərinin bu ölkədə tamaşaya qoyulmasından, əsərlərinin tərcüməsi, nəşri və tədqiqindən də danışıb.
Hüseyn Cavidin adını daşıyacaq bu mərkəzin Qarakalpaqstanda Azərbaycana dair ilk mədəniyyət ocağı olduğunu vurğulayıb. Bildirib ki, mərkəz Azərbaycan mədəniyyəti və ədəbiyyatını Özbəkistan ərazisində təbliğ etməklə yanaşı, həmçinin Qarakalpaqstan diyarı ilə Azərbaycan arasında mədəni əlaqələrin genişləndirilməsinə də vəsilə olacaqdır.
Samir Abbasov Hüseyn Cavidin: “Turana qılıncdan daha kəskin, ulu qüvvət, Mədəniyyət, mədəniyyət, mədəniyyət”, - misralarını səsləndirərək bu cür mədəni layihələrin türk dünyasını bir-birinə daha da yaxınlaşdırmaq üçün atılan növbəti addım olduğunu diqqətə çatdırıb.
Açılış mərasimindən sonra Hüseyn Cavidin əsərlərindən parçalar özbək və Azərbaycan dillərində səsləndirilib, şairin əsərlərinə bəstələnmiş mahnılar ifa olunub.























© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.