Hüseyn Cavidin Ev Muzeyində “Anım günü” münasibətilə sessiya keçirilib

24.09.2021

24 sentyabr 2021-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində “Anım günü” münasibətilə “Vətən simurqları” başlığı altında II Qarabağ – Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş sessiya keçirilib. Öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda və 44 günlük Vətən müharibəsi ərzində şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali baş komandan cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” sərəncamı ilə tədbir iştirakçılarını tanış edib, ölkəmizin mənfur düşmən üzərində möhtəşəm qələbəsində Ali baş komandanın polad iradəsinin, düşünülmüş beynəlxalq siyasi strategiyasının, ordu və xalq birliyinin mühüm rolundan danışıb.
Daha sonra sessiya iştirakçıları II Qarabağ müharibəsində şəhid olan qəhrəman zabit və əsgərlərimizin bəzilərinin həyat hekayəsini səsləndirib, qazilərimizin döyüş yoluna nəzər salıb, müharibə zamanı Azərbaycan ordusunun apardığı uğurlu hərbi əməliyyatlar zamanı mühüm hərbi-strateji obyektlərin ələ keçirməsi ilə qələbəni daha da yaxınlaşdırması barədə məlumat veriblər.
Tədbirin sonunda filologiya elmləri doktoru Gülbəniz Babaxanlının redaktoru olduğu “Vətən simurqları: II Qarabağ, Vətən müharibəsinin qəhrəmanları” adlı kitabın şəhid ailələrinə təqdim olunarkən çəkilmiş fotoşəkillər əsasında hazırlanmış videoçarx nümayiş olunub.
Qeyd edək ki, tədbir onlayn rejimdə muzeyin YouTube kanalı vasitəsi ilə də translyasiya edilib.
Videoçarxla buradan tanış olmaq mümkündür.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.