Hüseyn Cavidin Ev Muzeyinin direktorunun beynəlxalq konfransda etdiyi məruzə dərc edilib

22.09.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Ərtoğrol Cavid – major və minor boyalı həyatın yolçusu” mövzusunda məruzəsinin tam mətni bu yaxınlarda işıq üzü görən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” XX Beynəlxalq elmi-praktiki konfransın materiallarına daxil edilib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşrə hazırladığı topluda dərc edilən məruzə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin istedadlı övladı Ərtoğrol Cavidin yaşamağa tələsdiyi qısa, lakin mənalı həyat tarixçəsinə bir daha işıq salır. Onun çoxşaxəli fəaliyyətini yenidən gündəmə gətirir. Ə.Cavidin istedadlı bəstəkar, musiqiçi, folklorşünas kimi böyük ümidlər verən yaradıcı şəxsiyyət olduğunu AMEA Hüseyn Cavidin Ev Muzeyində mühafizə olunan şəxsi arxivindəki materiallar əsasında diqqətə çatdıran alim onun həm də bir vətənpərvər ziyalı kimi də tanındığını böyük fəxarət hissi ilə qeyd edir. Məruzədə Ərtoğrolun 24 illik bir göz qırpımlıq həyatında bir qocaman ömür yaşamış şəxsin görə biləcəyi mühüm işlərin öhdəsindən gəldiyini vurğulayan müəllif Hüseyn Cavidin Ev Muzeyində 2011-2015-ci illərdə çapa hazırlanan “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyindən (13 cild) söhbət açır.
Qeyd edək ki, bu məruzə 2021-ci ildə AMEA Hüseyn Cavidin Ev Muzeyində Ərtoğrol Cavidin şəxsi arxivi əsasında hazırlanan və aktuallığı ilə seçilən “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid”, “Ərtoğrol Cavid və Nizami Gəncəvi etüdləri” kimi yeni nəşrlərin bir növ elçi qaranquşudur.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.