Tanınmış ədəbiyyatşünas alim Gülbəniz Babaxanlının biblioqrafiyası nəşr olunub

04.08.2021

Azərbaycanın tanınmış ədəbiyyatşünas alimi, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru Gülbəniz İbrahim qızı Babaxanlının şəxsi biblioqrafik göstəricisi nəşr olunub. Göstəriciyə alimin Azərbaycan, ingilis, rus və bir sıra Avropa dillərində işıq üzü görmüş elmi əsərlərinin, monoqrafiya və kitablarının, müxtəlif elmi jurnallarda dərc olunmuş məqalələrinin, konfrans məruzələrinin, dövri mətbuatda çıxmış elmi və elmi-publisistik yazılarının, eləcə də rəhbəri və rəsmi opponenti olduğu dissertasiyaların, rəy verdiyi elmi əsərlərin biblioqrafik təsvirləri daxil edilib. Kitabda alimin bioqrafiyası, həyatının əsas tarixləri, eləcə də ictimai fəaliyyəti haqqında məlumatlar, G.Babaxanlı haqqında görkəmli şəxsiyyətlərin fikirləri də öz əksini tapıb.
Biblioqrafik vəsaitdə əks olunmuş təsvirlər müvafiq bölmələr üzrə və daxildə xronoloji ardıcıllıqla əlifba sırasına uyğun şəkildə təsnif olunub.
Şəxsi biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə kitabın sonunda köməkçi informasiya-axtarış aparatı – həm alimin əsərlərinin sərlövhələrinin, həm də onun haqqında yazı müəlliflərinin soyadlarının, əsərlərinin sərlövhələrinin əlifba göstəricisi təqdim edilib.
Biblioqrafik göstəricinin tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Validə Həsənova və tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərov, elmi redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Kitab ədəbiyyatşünaslar, cavidşünaslar, muzeyşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.