Hüseyn Cavidin Ev Muzeyinin direktoru Beynəlxalq “Qarabağ” Araşdırmalar Konqresində məruzə edib

21.06.2021

18 iyun 2021-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı “Qarabağ” – Beynəlxalq Sosial-dünyəvi Elmlərdə Modern Araşdırmalar Konqresinə “Qarabağın musiqi irsi və Ərtoğrol Cavid” mövzusunda məruzə ilə qatılıb. Məruzədə Azərbaycan mədəniyyəti tarixində Qarabağ musiqi mühitinin, muğam məktəbinin xüsusi yeri və çəkisi olduğu, Qarabağın identikliyini ortaya qoymaq baxımından bu zəngin irsin mühüm bir parçası olan istər müəllifli, istərsə də müəllifsiz musiqi əsərlərinin, mahnıların, nəğmələrin, musiqi mətnlərinin toplanması, tədqiqi və təbliği xüsusi önəm daşıdığı vurğulanıb. Ötən əsrdə bərəkətli Qarabağ torpağının yetirmələri olan Üzeyir bəy, Bülbül kimi peşəkar musiqişünasların təşəbbüsü ilə həm Qarabağ ərazisində, həm də ölkəmizin digər regionlarında yaşayan əslən bu qədim, əzəli və əbədi türk yurdundan olan adlı-sanlı sənətkarların, eyni zamanda yaradıcılığı bu ecazkar məkanla bağlı olan xanəndələrin, musiqi alətləri ifaçılarının hafizəsində mühafizə olunan mahnılar, nəğmələr, onların yaranma tarixi ilə bağlı rəvayətlərin toplanması tarixinə nəzər salınıb.
Məruzəçi Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin fondunda mühafizə olunan böyük Azərbaycan şairi və dramaturqu, vətənpərvər ziyalı Hüseyn Cavidin istedadlı oğlu Ərtoğrol Cavidin şəxsi arxivinə aid materiallar içərisində Qarabağn müsiqi irsi ilə bağlı qiymətli materiallara xüsusilə diqqət yetirib. Ərtoğrol Cavidin bu materiallara yazdığı rəy və şərhlər haqqında danışaraq hazırda onların Qarabağın Azərbaycana bağlılığını nümayiş etdirən zəngin istinad mənbəyi olduğunu söyləyib. Toplanan folklor nümunələrinin, Qarabağ muğam sənətinə aid olan məşhur musiqi parçalarının yaranma tarixini, bu bölgəyə, hətta bəzən bu ərazinin sakinlərindən kimə məxsusluğunu dəqiqliyi ilə təyin etmək üçün təkzibolunmaz faktlar ortaya qoyduğunu deyib. Materiallar içərisində məşhur xanəndə Cabbar Qaryağdıdan, Azərbaycan musiqisinin tədqiqatçısı, tarzən Məşədi Süleyman Məlik oğlu Mansurovdan və tanınmış Qarabağlı zurnaçı Camal Cəfərovdan toplanmış materiallardan seçilən faktları nümunələr gətirərək Şuşalı musiqiçilər: məşhur tarzən Mirzə Sadıq, xanəndə Hacı Hüsü, kamança ustası Bağdagül oğlu Qostinin adına rast gəlindiyini, onların musiqi tariximizdəki xidmətləri barədə maraqlı məlumatlar verildiyini də diqqətə çatdırıb.
Məruzə maraqla qarşılanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 17-19 iyun 2021-ci il tarixlərində davam edən beynəlxalq konqres AMEA-nın Folklor, Nizami Gəncəvi adına Ədəbiyyat, Qafqazşünaslıq, Dilçilik İnstitutlarının, Mərkəzi Elmi Kitabxanasının və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.