AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 mart soyqırımının qurbanları anılıb

31.03.2021

31 mart 2021-ci il tarixdə AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 mart Azərbaycanlıların soyqırım gününün 103-cü ildönümü münasibətilə anım tədbiri keçirilib. Öncə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra muzeyin direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı çıxış edərək bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bu soyqırım aktı 31 mart 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib. Uzun illər Sovet dövləti “xalqlar dostluğu” ideologiyasını təbliğ etdiyi üçün bu hadisəni ört-basdır etməyə çalışıb və yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla ilk dəfə olaraq 1918-ci ilin qırğınlarına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Natiq qeyd edib ki, hər il 31 martı Azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha həmin qanlı günlərə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edirik. G.Babaxanlı onu da xatırladıb ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olub. Qaniçən cəlladlar hadisələr baş verdiyi zaman “Təbriz” mehmanxanasında yaşayan H.Cavidi və onunla bərabər digər sakinləri silah gücünə oradan çıxarıb və yol boyu əksəriyyətini güllələyiblər. H.Cavid isə yalnız bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilib.
Daha sonra muzeyin hazırladığı 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş foto-video slayd nümayiş etdirilib. İştirakçılar böyük şairin əsərlərindən parçalar səsləndirib, hazırlanan kitab sərgisi ilə tanış olublar.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.