Cavidşünaslıq tədqiqatlarını öyrənmək və sistemləşdirmək multidissiplinar elmi yanaşma tələb edir

20.03.2021

AMEA Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayında AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı ilə müsahibə dərc olunub. “Cavidşünaslıq tədqiqatlarını öyrənmək və sistemləşdirmək multidissiplinar elmi yanaşma tələb edir” başlıqlı müsahibədə Gülbəniz Babaxanlı müxbir Səidə Rzayevanın suallarını cavablandırıb. Müsahibədə zəngin bədii yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının zirvələrini fəth etmiş, dahi Hüseyn Cavidin əsərlərinin tədqiq və təbliği istiqamətində AMEA Hüseyn Cavidin Ev Muzeyində görülən mühüm işlərdən, bir müddət əvvəl muzey tərəfindən araya-ərsəyə gətirilərək, oxucuların ixtiyarına verilən ədibin həyat və yaradıcılığının tədqiqinə həsr olunmuş 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusundan söhbət açılıb. Bildirilib ki, “Cavidşünaslıq” toplusu Hüseyn Cavidin söz-fikir dünyasına nəzər salmaq üçün ən yaxşı vasitələrdən biridir.
Toplunun ictimai, ədəbi-bədii və elmi əhəmiyyəti barədə ünvanlanan suala Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.e.d. Gülbəniz Babaxanlı belə cavab verib: ““Cavidşünaslıq” toplusu kitabşünaslıq nöqteyi-nəzərindən yanaşdıqda, bir kitab faktoru, çoxcildlikdir; ədəbiyyatşünaslıq və dilçilik baxımdan o, Hüseyn Cavid irsinin təhlili, dövrün ədəbi mühitinin, dil və üslub xüsusiyyətlərinin öyrənilməsi mənbəyidir; mənbəşünaslıq baxımından o, Cavidlə bağlı bütün yazıların toplu məcmusudur; mədəniyyətşünaslıq nəzərindən o, milli teatr mədəniyyətimizin aynasıdır; fəlsəfə baxımından isə “Cavidşünaslıq” salnaməsi milli fəlsəfi fikir tariximizə bir nəzərdir”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.