Hüseyn Cavidin Ev Muzeyində yeni filmin çəkilişləri başa çatıb

18.03.2021

AMEA Hüseyn Cavidin Ev Muzeyi dahi şair və dramaturqun həyat və yaradıcılığının, Azərbaycan ictimai fikir tarixində oynadığı əvəzsiz rolun təbliği, Cavidlər ailəsinin faciəli taleyinin geniş auditoriyaya çatdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirir. Muzeyin bu məqsədlə həyata keçirdiyi mühüm işlər sırasında Hüseyn Cavid, ümumiyyətlə Cavidlər ailəsinin üzvləri haqqında bədii, televiziya filmlərinin çəkilişinə şərait yaratmaq, fondunda mühafizə olunan materiallardan istifadə ilə dövrün real mənzərəsinin yaradılmasına yardım etmək də var. Belə ki, Muzeyin ekspozisiyasında nümayiş olunan orijinal eksponatlar dahi sənətkar, onun dövrü və mühiti haqqında tam təəssürat yarada bilir. Bu isə Hüseyn Cavid, həm də onun təmsil etdiyi cəmiyyət haqqında dolğun informasiyanın yeni nəslə ötürülməsinə xidmət edir.
Növbəti belə əməkdaşlıq layihəsi çərçivəsində 17-18 mart 2021-ci il tarixlərində “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Kinoproqramlar və dublyaj” redaksiyası AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi şair və dramaturqun həyat faciəsini canlandıran səhnələri lentə alıb.
Baş kinorejissoru Elnur Məmmədov, ssenari müəllifi Afaq Vasifqızı olan telefilmdə Əməkdar artistlər Dilarə Əliyeva Mişkinaz və Elman Rəfiyev Çekist, istedadlı aktyor İman Məcidov Hüseyn Cavid obrazını canlandırıblar. Çəkilişlər prosesində muzeyin ekspozisiyasında nümayiş olunan dahi şair və dramaturqa, ümumiyyətlə Cavidlər ailəsinə məxsus şəxsi əşyalardan da istifadə edilib.
Qeyd edək ki, telefilm “Topal Teymur” teletamaşasının, “Cavid ömrü” bədii filminin rejissoru, Xalq artisti Ramiz Həsənoğlunun 75 illik yubileyinə həsr olunub.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.