“Vətən məğrur, mən məğrur” şüarı altında zəfər toplantısı keçirilib

12.11.2020

AMEA Hüseyn Cavidin Ev Muzeyi və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə milli ordumuzun Azərbaycanın işğal altında olan torpaqlarını düşmən tapdağından azad etməsi uğrunda həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində əldə edilmiş Böyük Qələbəyə həsr olunan tədbir keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.
Öncə Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclası açan AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Respublika Prezidenti cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi on yeddi ildən artıq dövrdə iqtisadi, hərbi və digər sahələrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi xalqın dövlətimizin başçısı və ordumuzla həmrəyliyinin bariz nəticəsidir. Alim qeyd edib ki, Ali baş komandan İlham Əliyev Vətən Mühharibəsinin aparıldığı qırx dörd gün ərzində dünyanın müxtəlif informasiya kanallarına, mətbuat agentliklərinə verdiyi müsahibələrdə Azərbaycanın tarixi reallığını, əzəli torpaqlarımız uğrunda ədalətli mübarizəsinin mahiyyətini böyük məharətlə dünya ictimaiyyətinə çatdıraraq informasiya müharibəsində də möhtəşəm uğura imza atdı. Dövlətimizin başçısının səmimi və qətiyyətli müraciətləri xalqımızın birlik, vətənpərvərlik və səfərbərlik hisslərini daha da artırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müharibədə yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşünü xatırladan akademik İsa Həbibbəyli müharibə əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Alim Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini, ölkə rəhbəri İlham Əliyevin tarixdə Qalib Prezident kimi qalacağını ifadə edib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsinin xalqımızın Böyük Qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib. Alim Şuşanın işğaldan azad olunması münasibətilə dövlət başçımızın xalqa müraciətini xatırladaraq Prezident İlham Əliyevin çıxışında Ümummilli lider Heydər Əliyevin haqq mübarizəsini layiqincə davam etdirdiyini qeyd edib. Bildirib ki, Vətən müharibəsində qazanılan qələbə tariximizin zəfər salnaməsi, parlaq səhifəsidir. Akademik çıxışının sonunda qələbə münasibətilə qələmə aldığı “Vətən məğrur, mən məğrur” şeirini səsləndirib.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxışında xalqımızın dövlət başçısı ətrafında birləşərək ordumuza dəstək, birlik nümayiş etdirməsindən qürur və fəxarət hissi duyduğunu bildirib. Alim müqəddəs torpaqlarımızın yağı düşmənin işğalından azad olunması xəbərini eşidən böyükdən-kiçiyə hər kəsin gözündə sevinc və həmrəylik ifadəsinin möhtəşəm zəfərin təcəssümü olduğunu qeyd edib. O, AMEA rəhbərliyinin Qarabağ həqiqətlərini yaymaq, Qarabağın tarixi, folkloru, musiqisi və ədəbiyyatını yeni reallıqlar işığında tədqiq və təbliğ etmək, mövcud tədqiqatları xarici dillərə tərcümə edib nəşr etdirmək ilə bağlı elmi müəssisələr qarşısında qoyduğu tələblərinin artıq icrasına başlanıldığını bildirib.
Tədbir iştirakçıları qazanılmış möhtəşəm qələbədə böyük əməyi olan Ali baş komandana, onun rəhbərliyi altında bu tarixi günü reallığa çevirən əsgər və zabitlərimizə minnətdarlıq edib, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyiblər.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.