Hüseyn Cavidin “İblis” əsərinin səhnəyə qoyulmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirilib

10.11.2020

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi tərəfindən görkəmli şair-drammaturq H.Cavidin “İblis” faciəsinin tamaşaya qoyulmasının 100 illiyi münasibətilə onlayn elmi sessiya keçirilib.
Tədbiri açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı öncə sessiya iştirakçılarını möhtəşəm qələbə günü münasibəti ilə təbrik edib, qələbə sevincini xalqımıza yaşadan Ali baş komandan, cənab İlham Əliyevə və müzəffər ordumuza təşəkkürünü bildirib. O qeyd edib ki, elmi sessiyanın məqsədi “İblis” əsərinin səhnələşdirilməsinin yubileyini qeyd etməklə yanaşı, onun aktuallığını, müasir həyatla səsləşməsini bir daha diqqətə çatdırmaqdır. Pyesin yazılması, nəşri və səhnələşdirilmə tarixi barədə məlumat verən alim söyləyib ki, “İblis” müəllifin tamaşaya qoyulan ilk əsəridir. Cavidin şah əsəri olan “İblis” faciənin yazılması, çap edilməsi, səhnələşdirilməsi illəri Azərbaycanın həm qanlı, həm də şanlı tarixi ilə üst-üstə düşüb. 1918-ci ildə qələmə alınan mənzum pyes ilk dəfə 1920-ci ildə 21 dekabrda Dövlət teatrında səhnəyə qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. Əsərin bəşəriliyi faciənin həmin illərdə təkcə Bakı və Naxçıvanda deyil, həm də Daşkənd, Tiflis, Batumidə də uğurla nümayiş olunmasına zəmin yaratmışdır. Mövzusu I Dünya müharibəsindən götürülmüş bu əsərdə filosof sənətkar insan xislətindəki iblisanəliyə qarşı çıxmış, bütün çirkinliklərdən arınmış insanın mələk səviyyəsinə yüksələ biləcəyi fikrini ifadə etməyə çalışmışdır. G.Babaxanlı vurğulayıb ki, 100 ildən çox vaxt keçməsinə baxmayaraq, bu faciənin günümüzdə də aktual olması Hüseyn Cavidin yaratdığı əsərlərin ölməzliyinin bariz nümunəsidir.
Daha sonra çıxış edən muzeyin elmi katibi İlahə Novruzova da əsərin ilk dəfə tamaşaya qoyulmasının 100 illiyi münasibətilə ədəbi-tarixi xronikanın hazırlandığını söyləyib. O, “İblis” faciəsinin səhnə həyatından faktlara toxunaraq əsərin Abbas Mirzə Şərifzadə, Aleksandr İvanov, Aleksandr Tuqanov, M.S.Kirmanşahlı, Həmzə Həkimzadə Niyazi, Əli Kənani, Mehdi Məmmədov kimi görkəmli teatr xadimləri və rejissorlar tərəfindən səhnələşdirildiyini qeyd etmiş, İblis rolunu Abbas Mirzə Şərifzadə, Nəriman İbrahimzadə, Hamlet Xanızadə kimi istedadlı aktyorların ifa etməsinə toxunmuş, tamaşanın Akademik Milli Dram teatrın səhnəsində nümayiş olunan versiyasının Azərbaycan Televiziyası və Radiosunun “Qızıl Fond”unda qorunub saxlanılmasını diqqətə çatdırmışdır.
Onlayn elmi sessiyaya qatılan muzey əməkdaşları Cəmilə Rzayeva, Lalə Əliyeva və Fəridə Azadova öz çıxışlarında “İblis” faciəsinin son 100 ildə nəşr və tədqiq, tərcümə və təbliğinin tarixinə toxunmuş, “Cavidşünaslıq” çoxcildliyində görkəmli ədibin daha çox bu əsərinin təhlilə cəlb olunmasını vurğulamışlar.









© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.