Turan Cavidin vəfatından 16 il ötür

11.09.2020

Sentyabrın 12-də böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qızı, görkəmli muzeyşünas, teatrşünas, mətnşünas, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Turan Cavidin vəfatından 16 il ötür. Kiçik yaşlarından həyatın ən sərt üzünü görən, atasının təmiz adının əbədiləşməsi uğrunda qətiyyətlə mübarizə aparan, 81 il ömür sürüb, yalnız vəfatından sonra Cavid məqbərəsində əbədi rahatlıq tapan Turan xanım üzərinə düşən həyat missiyasını ləyaqətlə yerinə yetirən vətənpərvər ziyalı, xeyirli övlad idi.
1950-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutundan (indiki Mədəniyyət və İncəsənət Universiteti) məzun olduqdan sonra elmi-pedaqoji fəaliyyətlə məşğul olan, Respublikamızın mədəni həyatında fəal iştirak edən Turan Cavid Cavidlər ailəsinə məxsus materialları mühafizə edib ədibin ev muzeyinin yaradılmasına nail olmuş, 1991-ci ildən ömrünün sonunadək Hüseyn Cavidin Ev Muzeyinin direktoru vəzifəsində işləmişdir. O, bu muzeyin işinin təşkili və əsas ekspozisiyasının tərtibi ilə yanaşı, atası, böyük ədib Hüseyn Cavidin irsinin toplanılmasında, tədqiq və təbliğində də əvəzsiz xidmətlər göstərmişdir. Belə ki, Turan xanım Hüseyn Cavidin 1958-ci ildən 2004-cü ilədək nəşr olunmuş bütün kitablarının tərtibçisi olmuş, Cavidin əsərlərinə həm dil, həm də məna baxımından edilmiş müdaxilələri aradan qaldırmış, onların orijinal mətnini bərpa etmişdir.
Bu gün qürurla deyə bilərik ki, Hüseyn Cavid üslubunu, təkraredilməz, unikal bədii dilini qorumaqla ədibin müfəssəl beşcildliyini hazırlayıb oxucuların ixtiyarına vermək və Bakının mərkəzində, bir vaxtlar Cavidlər ailəsinin yaşadığı mənzildə şairin ev-muzeyini yaratmaq Turan xanımın atasının ruhu və xalqımız qarşısında ən böyük xidməti oldu.
Hazırda vaxtı ilə Turan Cavidin rəhbərlik etdiyi muzeyin fondunda onun həyat və yaradıcılığına işıq tutan kifayət qədər material mühafizə olunur. Onun fədakar elmi-ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın yazılı mətn, 300-dən artıq foto və sənəd muzeyin hazırkı direktoru, filologiya elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının tərtibçisi olduğu və 2014-cü ildə nəfis şəkildə çap olunan “Turan Cavid. Ömür səlnaməsi” adlı kitaba daxil edilib. Bu kitab hər zaman muzeyi ziyarət edən qonaqlar tərəfindən maraqla qarşılanır. Ziyarətçilər onun həyat tarixçəsini həm qürur, həm də nisgillə dinləyir, mübariz Azərbaycan qadınının dönməz ruhu qarşısında baş əyirlər.
AMEA Hüseyn Cavidin Ev Muzeyinin kollektivi də hər zaman bu elm və mədəniyyət ocağının qurucusu Turan Cavidin ruhunu bütün tədbirlərdə böyük ehtiramla yad edir, öz işində onun ideallarına sadiq qalır, ideyalarını inkişaf etdirir və əziz xatirəsini yaşadır. Bu gün də Hüseyn Cavidin Ev Muzeyində Turan xanımın səliqəsini görmək olar.

Gülbəniz Babaxanlı
filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.