Hüseyn Cavidin “Şeyx Sənan” əsəri Özbəkistanın Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında özbək dilində tamaşaya qoyulacaq

20.08.2020

Özbəkistan Mədəniyyət Nazirliyinin 2020-ci ilin ikinci yarısı üçün teatr tamaşalarına dair təsdiq etdiyi plana əsasən Buxara Vilayət Musiqili Dram və Komediya Teatrında Azərbaycan dramaturqu Hüseyn Cavidin “Şeyx Sənan” əsərinin səhnələşdirilməsinə qərar verilmişdir. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, sözügedən tamaşa dövlət sifarişi ilə maliyyələşdiriləcəkdir. Bu məqsədlə Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunmuş və Daşkənddə nəşr edilən Hüseyn Cavidin “Seçilmiş əsərləri” adlı toplu həmin teatra təqdim edilmişdir. Tamaşanın primyerasında Azərbaycan Mədəniyyət Mərkəzinin təmsilçilərinin, habelə Özbəkistanda yerli azərbaycanlıların iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan əsərlərinin Özbəkistan səhnələrində tamaşaya qoyulmasını ötən ilin sonunda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Buxara vilayət hakimiyyəti rəhbərinin müavini Vahid Niyazov, vilayət mədəniyyət idarəsi rəhbərinin müavini Qalibcon Barotov, Buxara Dövlət Filarmoniyasının rəhbəri Rauf Avezovla keçirdiyi görüşdə təklif edib. Özbək tərəfi də bu təklifləri qəbul edərək birgə layihələrin həyata keçirilməsi barədə razılıq əldə edib.










© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.