Bütün xalq sizinlədir, cənab Prezident!

20.07.2020

Artıq bir neçə aydır ki, tarix amansız bir xəstəliklə – COVID 19-la bə­şə­riyyəti sanki yeni bir sınağa çəkir, insanlıqla ölüm-dirimli qarşıdurmaya gedir. Və adətən, bu cür gözlənilməz, eyni zamanda cahanşümul hadisələrdən doğan tarixi şərait insan ruhunu ali məqsədlərə, ədalətə, sülhə, humanizmə səsləyir. Amma iyulun 12-dən 14-ə kimi Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hadisələr, düşmən silahlı qüvvələrinin bölmələri tərəfindən milli ordu­mu­zun hərbi məntəqələrini ələ keçirmək cəhdləri işğalçı Ermənistanda siyasi, iqti­sa­­di böhranla yanaşı hu­ma­nitar, mənəvi böhranın da nə qədər dərinləşdiyini gös­tər­di. Yeri gəlmişkən, bu dərinləşmə təkcə böhran də­rin­ləşməsi deyil, eyni zamanda Er­mənistan adlı bəla haqqında milli bilik­ləri­mizin də dərinləşməsi oldu.
Bəli, tarix boyu anlamışıq ki, dünya var olandan çəkişmələr də olub, mü­ha­ribələr də, bitib-tükənməyən savaşlar da... Amma za­man-zaman bu qarşıdur­maların tərəfləri dəyişib: dünən müharibə edənlər bu gün ba­rışıb; bu günün müttəfiqləri keçmişdə düşmənçilik edib və s. Ermənistanın isə ala-ya­rımçıq tarixi başdan-başa türklərlə əbədi düş­mən­çi­lik, xülya, iddia, sat­qınlıq, yağmalama tarixidir. Və həmin qondarma tarixə əsas­lanan erməni “dövlətçilik” fəlsəfəsi, ideologiyası hərzamankı kimi, bu gün də o qə­dər anlaşılmaz, o qədər boş və əsassızdır ki, məsələn, Tovuzda edilmiş növbəti erməni təxribatının səbəbləri hələ də yerli və beynəlxalq ictimaiyyətə qaranlıq qalıb. İyulun 15-də Nazirlər Kabinetinin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu hərəkəti “qələt” adlandırır və onun absurdluğuna işarə edərək deyir: “...O ki qaldı bu erməni hərbi təxribatının səbəblərinə, əlbəttə ki, bu səbəbləri biz tam dəqiqliklə bilə bilmərik, bunu həyat göstərər.”
Dahi Hüseyn Cavidin “Hərb və fəlakət”indəki bu misralar da kin-kü­du­rət döv­­ləti Ermənistana ünvanladığımız və cavabını anlamaqda çətinlik çək­di­yimiz rito­rik sualların bir növ davamı kimi səslənir:

O top, tüfək, o qılıclar, zəhərli qumbaralar
Nə istər, ah, niçin böylə gürləyib parlar!?
Nədir şu qəhrü fəlakət? Nədir bu qəhtü qəla?
Nədir şu kinü ədavət, nədir bu dərdü bəla?


Əlbəttə, dünyanın koronovirusla çarpışdığı indiki məqamda terrorçu, faşist Ermənistan hakimiyyətinin bu cür anti-humanist, təcavüzkar siyasətdən əl çəkərək ölkədaxili problemləri ilə məşğul olacağını düşünmək də sadəlövhlük olardı. Elə erməni xislətinə yaxından bələd olmağımızın və vaxtında hərbi qüdrətimizi artırmağın nəticəsidir ki, rəşadətli Azərbaycan ordusu tərəfindən düşmənin son hərbi həmlələrinin qarşısı vaxtında və layiqincə alındı, ermənilərin 100-dən artıq canlı qüv­vəsi, xeyli sayda hərbi tex­nikası sərrast atəşimizlə məhv edildi. Azərbaycan Res­publikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin gös­tərişi ilə düşmənə həmişə, o cümlədən, 2016-cı ilin aprel döyüşlərində, Naxçıvan əməliyyatlarında olduğu kimi, indi də adekvat cavabların verilməsi, hərbi üstün­lü­yü­müzün bu dəfə də təsdiq olunması Azərbaycan insanının ürəyini dağa döndərdi, xal­qı dövlət başçısı ətrafında daha sıx birləşdirdi.
Sözsüz ki, hərbiyyədə, müharibədə dağıntılarla, tələfatlarla yanaşı, insan itkiləri, insan acıları da qaçılmazdır. Xalqımızın indiyə kimi və son Tovuz dö­yüş­lərində verdiyi şəhidlər də məhz torpağımızı Vətən etmək, milli qüruru­muzu qo­ru­maq, millət kimi əbədi var olmaq, əcdadımızın mədfəni Azərbaycanı gələcək öv­lad­la­rımıza məskən edə bilmək üçündür. Həyatını millət, Vətən uğrunda o şəhidlər qə­dər fəda etmiş, əqidə, söz-fikir şühədası Hüseyn Cavidin bu xüsusda söylədiyi fi­kirlər də milli hissiyyatın səngiməsinə izin vermir:

Yığın-yığın bəşəriyyət ölümlə pəncələşir,
Fədayi-nəfs еdərək haq için qoşar, güləşir.
Yaqar, yıqar, əzilir, məhv olur, basar, basılır,
Vətən yolunda ölür, öldürür, asar, asılır.


Bu cür müqəddəs amallar uğrunda şəhidlik zirvəsinə ucalmış oğullarımız Prezident İlham Əliyevin təbirincə desək, hər bir azərbaycanlının qürur mənbəyidir. “Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!” - deyən Prezident İlham Əliyevin elə özü də siyasi qətiyyəti, vətənsevərliyi, milli təəssübkeşliyi ilə qürur, inam yerimizdir. Və bu gün xalq olaraq həmrəyliyimizi daha da artırmaq, bir yumruq kimi birləşib Prezident İlham Əliyevin yanında olmaq, ölkənin hərtərəfli inkişafına hesablanmış dövlət siyasətini dəstəkləmək milli-mənəvi borcumuzdur. Çünki indiyə kimi Azərbaycanın regionda möhtəşəm nailiyyətlər qazanan, müstəqil beynəlxalq siyasət yürüdən, milli maraqlarını qətiyyətlə qoruyan dövlət kimi tanınması müasir xalq-iqtidar birliyinin nəticəsidir. Böyük siyasi qüvvələrin hərc-mərcliyinin bitmədiyi, iqtisadi-siyasi böhranların dərinləşdiyi, müxtəlif təbii bəlaların baş alıb getdiyi çağdaş dünyada xalq olaraq milli ayıq-sa­yıq­lıq hissini, milli oyanış tarixini unutmamaq, “mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm də məsləhətləşirəm” - deyən dövlət başçımızın azərbay­can­­çılıq ideyaları ətrafında birləşmək – sabahımızın qarantı, milli ruhu­mu­zun qida mənbəyidir. Ədəbiyyatımızın əfəndisi Hüseyn Cavid demişkən:

Oyan, ətrafını sеyr еt də, düşün!-
Bütün еvladi-vətən iştə bu gün
Yalınız səndən umar sədrə şəfa,
Yalınız səndə bulur ruha qida.


Son Tovuz hadisələrində beynəlxalq ictimaiyyətin, aparıcı beynəlxalq təş­kilat­ların xalqımızı dəstək­ləməsi Prezidentin daxili siyasəti ilə yanaşı, xarici si­yasətinin də uğurunu göstərdi. Azərbaycanın bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınmasında, bizi dəstəkləyən ölkələrin sayı­nın artmasında əvəzsiz rolu olan Prezident İlham Əliyevin bütün siyasi fə­aliyyətində dövlətimizin müasir uğur tarixinin yolu, hərəkəti əks olunur, müs­təqil­li­yimizin əbədi izləri cızılır. Amma tarixin bir özünəməxsusluğu da odur ki, haqq yolunda olan millətləri, xalqları qələbələrdən, zəfərlərdən öncə bəzən çox çətin sınaqlardan keçirir. Bu gün bütün dünya korona virusu ilə vuruşarkən, Azərbaycan bu azmış kimi, üstəlik erməni adlı virusla da vuruşur, işğal altında olan iyirmi faiz torpaqlarını, haqqını tələb edir. Bəli, müxtəlif düşmənlərlə bir neçə cəbhədə vu­ruş­maq çətindir və olsun ki, bu da, bizim üçün tarixi bir sınaqdır. Amma biz birlikdə güclü ol­du­ğu­muzu bilir və xalq olaraq Prezident İlham Əliyevlə obrazlı desək, birgə nəfəs alırıq. Odur ki, bu cür xalq-iqtidar birliyi sayəsində qələbələrimizin davamlı olacağına əminik. Və buradan hörmətli Prezidentimiz İlham Əliyevə demək istəyirik: “Bütün övladi-və­tən ki­mi daim­ Sizinləyik, cənab Prezident! Gücümüz Sizinlədir!”.

Gülbəniz BABAXANLI
AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru











© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.