Hüseyn Cavidin Ev Muzeyinin illik hesabatı AMEA HEB-in Ümumi yığıncağında dinlənilib

22.11.2019

    Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib. Ümumi yığıncaqda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, bölmənin akademik-katibi, akademik Teymur Kərimli, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyatı üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.
    Əvvəlcə bölmənin tərkibinə daxil olan elmi tədqiqat müəssisələrinin nailiyyətlərini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə tanışlıq olub.
    Tədbiri giriş sözü ilə açan akademik İsa Həbibbəyli il ərzində HEB-in Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında bir sıra mühüm tədbirlər keçirdiyini, sanballı çap əsərləri, monoqrafiyalar ərsəyə gətirdiyini, qabaqcıl elmi tədqiqat işlərinin müdafiə olunduğunu diqqətə çatdırıb.
    Hüseyn Cavidin Ev Muzeyi də öz növbəsində 2019-cu il üçün elmi-tədqiqat və elmi təşkilati fəaliyyəti haqqında hesabatını təqdim edib. İlk öncə Hesabat ilində muzeydə Azərbaycan Respublikası Prezidentinin sərəncamları əsasında görülən işlər barədə məlumat verilib. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 15 Aprel 2019-cu il tarixli sərəncamı əsasında Məmməd Cəfər Cəfərovun “Hüseyn Cavid” monoqrafiyası (azərbaycan və rus dillərində) nəşr edilib. Monoqrafiya akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda (latın qrafikasi ilə) təkrar nəşridir.
    Muzeyin zənginləşdirilməsinə xüsusi diqqət göstərilir, müəssisənin fondunda 13 min 766 eksponat mühafizə olunur. Bu il muzeyə və onun elektron bazasına 1527 yeni eksponat təqdim edilib, veb-saytının xarici dil (ingilis dili) versiyası yeni materiallar ilə zənginləşdirilib. Cavid irsinin təbliği məqsədilə əməkdaşlarımız Türkiyədə, Ukraynada, Özbəkistanda, Macarıstanda elmi ezamiyyətlərdə olublar. Müxtəlif kitablar “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində “Cavidşünaslıq” araşdırmalar toplusunun XI-XX cildləri, “Ərtoğrol Cavidin ömür salnaməsi” seriyasından 3 kitab (Ərtoğrol Cavid. “Musiqi əsərləri” Tərtibçi-müəllif: G.İ.Babaxanlı, “Hüseyn Cavidin natamam əsəri – Ərtoğrol Cavid” adlı monoqrafiya, müəllif; N.P.Quliyev, redaktor; G.İ.Babaxanlı, “Ərtoğrol Cavid-100”. (Məqalələr toplusu) çap edilib. Ümumilikdə 2019-cu ilin elmi tədqiqat işlərinin planına əsasən 1 istiqamət, 2 problem, 8 mövzu üzrə 43 iş mərhələlər üzrə yerinə yetirilib.
    Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, fikirlər səsləndirilib. Və sonda akademik İsa Həbibbəyli “Cavidşünaslıq” araşdırmalar toplusunun yeni XI-XX cildlərini HEB-in 2019-cu il üçün ən mühüm nəticəsi kimi qiymətləndirildiyini bildirib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.