Turan Cavidin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir təşkil olunub

02.10.2019

    Oktyabr ayının 2-də dahi dramaturq, filosof-şair Hüseyn Cavidin qızı Turan Cavidin doğum günündən 96 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində Əməkdar mədəniyyət işçisi, Hüseyn Cavid mükafatı laureatı, teatrşünas Turan Cavidin əziz xatirəsi anılıb. Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı qonaqları salamlayıb və Turan Cavidlə olan xatirələrindən danışıb.
    Tədbirə gələn qonaqlardan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi fil.ü.f.d., dosent Yusif Günaydın Turan Cavidlə bağlı bir sıra maraqlı faktları tədbir iştirakçıları ilə bölüşüb. AMEA Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi Fəridə İbrahimova, AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi Arzu Məmmədxanlı, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfzadə də Turan Cavidin doğum gününün qeyd edilməsinin onun ruhuna göstərilən dərin hörmətin təcəssümü olduğunu bildiriblər. Qonaqlar muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabının özü həyatda olmasa belə vəfatından sonra onun doğum gününə edilmiş ən gözəl hədiyyə olduğunu vurğulayıblar.
    Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.
    Üzümüzə gələn günlərdə Ərtoğrol Cavidin və Hüseyn Cavidin də doğum günləri muzeydə ənənəvi olaraq qeyd ediləcək.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.