1937-ci ilin 4 iyun... Hüseyn Cavidi ölümsüzlüyə aparan yolun başlandığı tarix…

04.06.2019

    İyun ayının 4-də AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi şairin həbs olunmasının 82 illiyi ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə çıxış edən muzeyin direktoru, əməkdar mədəniyyət işçisi, fil.ü.e.d. Gülbəniz Babaxanlı vurğulayıb ki, 1937-ci il iyun ayının 3-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının keçirilən XIII qurultayında Mərkəzi Komitə katibi Mircəfər Bağırov çıxış edərək “xalq düşməni” adlandırdığı bir çox Azərbaycan ziyalısını, o sıradan Hüseyn Cavidi kəskin tənqid etdi. Bu sərt çıxışdan çox keçmədən elə həmin günün gecəsi, böyük şairi öz yazı masasından, evindən, şeirlərindən, ədəbiyyatından ayırdılar. Bununla da faciələr müəllifi Cavidin və ailəsinin uzun müddət davam edəcək zillətləri başlandı, onu həbsxanaya atdılar və iki il sonra SSRİ DİXK-in yanında Xüsusi Müşavirənin 9 iyun 1939-cu il tarixli qərarı ilə islah-əmək düşərgəsində saxlanılmaqla, 8 il müddətinə azadlıqdan məhrum edilərək Sibirə sürgün etdilər. Həbsindən az sonra ailəsini də bu evdən çıxardılar. G.Babaxanlı onu da qeyd etdi ki, həmin gecə Sovet cəza orqanları Hüseyn Cavidin yaşadığı mənzilə basqın edərkən evdə axtarış aparmış və Cavidin əsərlərinin çoxunu məhv etmişlər. Sonda o da qeyd edilib ki, Cavid əfəndi və onun ailəsi üçün faciələrin başlanğıcı olan 1937-ci ilin 4 iyun gecəsi təkcə bu ailənin yox, bütün bir millətin yaddaşında dərin izlər buraxmışdır.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.