Belarusda dahi dramaturq Hüseyn Cavidin anadan olmasının 135 illiyi münasibətilə xatirə tədbiri keçirilib

07.02.2018

    Belarusda Azərbaycanın görkəmli dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib. Mərasim Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına uyğun olaraq Azərbaycanın Belarusdakı səfirliyinin və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə təşkil edilib.
   Tədbirdə Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Belarusda səfərdə olan Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın başçılıq etdiyi nümayəndə heyəti, Azərbaycan şairlərinin, o cümlədən Leyla Əliyevanın şeirlərini Belarus dilinə tərcümə edən belaruslu şairə-tərcüməçi Tatyana Sivets, Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviç, Çin, Türkiyə, Qırğızıstan, Türkmənistan və Moldovanın Belarusdakı səfirləri, BMT-nin Beynəlxalq Miqrasiya Komitəsinin Belarusdakı nümayəndəliyinin rəhbəri, Belarusun Mədəniyyət Nazirliyinin əməkdaşı və yerli KİV-in nümayəndələri və iştirak ediblər.
   Tədbirdə səfir Lətif Qəndilov böyük ədib Hüseyn Cavidin həyat və fəlsəfi baxışları ilə bağlı çıxış edərək, sevginin, gözəlliyin və mənəvi saflığın carçısı olan Cavidin xalqımızın milli düşüncə tərzinin formalaşdırılmasında dərin izlər buraxdığını vurğulayıb. O bildirib ki, Hüseyn Cavid öz əsərlərində yalnız İslam dünyasına aid olan məsələləri deyil, həm də ümumbəşəri məsələləri qaldıraraq, qoca Şərqin müdrikliklərini açıb göstərə bilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən hələ 1982-ci ildə Hüseyn Cavidin nəşinin Sibirdən Azərbaycana gətirilərək Naxçıvanda dəfn olunması milli mədəniyyətimizin tarixinə böyük hörmət və ehtiramın əlaməti olduğu qeyd edilib. Milli ənənələrə və dəyərlərə sadiq olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Hüseyn Cavidin 135 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı Sərəncam imzaladığı diqqətə çatdırılıb.
   Belarus Yazıçılar İttifaqının sədri N.Çerqinets çıxışı zamanı Azərbaycan xalqının beynəlmiləlçiliyə və ümumbəşəri dəyərlərə sadiq olduğunu qeyd edərək Hüseyn Cavid yaradıcılığının fəlsəfi aspektlərinə toxunub.
   Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla Hüseyn Cavidin yaradıcılığında Azərbaycan xalqının mənəvi dəyərlərindən olan tolerantlığın və multikulturalizmin öz əksini tapdığını bildirib.
   Belaruslu şairə-tərcüməçi Tatyana Sivets Hüseyn Cavidin Belarus dilinə yeni tərcümə etdiyi şeirlərini oxuyub.
   Belarusun Azərbaycandakı keçmiş səfiri Nikolay Patskeviç Azərbaycanda işlədi dövrün onun üçün unudulmaz olduğunu, Azərbaycan xalqının mədəniyyətini və incəsənətini sevdiyini bildirib.
   Sonra səfirlik əməkdaşlarının, Azərbaycan diasporunun üzvlərinin və universitetin tələbələrinin ifasında tədbir iştirakçılarına Hüseyn Cavidin rus dilinə tərcümə edilmiş şeirləri təqdim olunub.
   Belarus sənətkarlarının ifasında səslənən Azərbaycan musiqisi nömrələri də tamaşaçıların alqışları ilə qarşılanıb.
   Tədbir Belarusun yerli KİV-də geniş işıqlandırılıb.
   Mənbə: https://azertag.az/xeber/1134192

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.