Ümummilli lider Heydər Əliyev vəfatından 15 il ötür

13.12.2018

    Hüseyn Cavidin Ev Muzeyində Ulu öndər, dahi şəxsiyyət, çoxəsrlik Azərbaycan tarixində əvəzsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ümummilli lider Heydər Əliyev vəfatının 15-ci ildönümü qeyd edilmişdir. Anım günü ilə əlaqədar olaraq muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxış edərkən vurğulamışdır ki, ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyev titanik siyasi fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələlərinə də xüsusi diqqət yetirmiş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir. G.Babaxanlı onu da vurğulamışdır ki, Ulu öndərin böyük rəğbətlə qayğı göstərdiyi klassik Azərbaycan sənətkarları içərisində dahi şair və dramaturqumuz, böyük filosof-mütəfəkkir, vətənpərvər ziyalı Hüseyn Cavidin özünəməxsus müstəsna yeri vardır. Cavid sənətinə hələ keçən əsrin 70-ci illərindən maraq göstərən Heydər Əliyev onun adını Azərbaycan ədəbiyyatı xəzinəsini zənginləşdirənlər sırasında dəfələrlə çəkmişdir. 80-ci illərin əvvəllərindən isə Ümummilli liderimiz Hüseyn Cavid irsinə müntəzəm diqqət göstərmiş, şairə layiqli qiymətin verilməsi işini daim diqqət mərkəzində saxlamışdır. 1995-ci ilin iyununda Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki giriş sözündə Ulu öndər Hüseyn Cavidin irsinin əbədiləşdirilməsi ilə bağlı prosesi incədən incəyə təhlil edərək, doğrudan da mədəniyyətimiz, ədəbiyyatımız, elmimiz üçün unikal bir dahi şəxsiyyət olduğunu xüsusilə vurğulamışdır.
    Tədbirdə Hüseyn Cavid irsinə Heydər Əliyevin sonsuz qayğısını özündə əks etdirən fotoşəkillərdən ibarət sərgi nümayiş olunmuşdur.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.