Hüseyn Cavidin vəfatının 77-ci il dönümü anıldı

05.12.2018

    AMEA Hüseyn Cavidin Ev Muzeyində bugün, Azərbaycan poeziyasının və dramaturgiyasının böyük ustadlarından biri, şair və dramaturq Hüseyn Cavidin vəfatının 77-ci ildönümüdür. Maqadana sürgün edilmiş Hüseyn Cavid 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində vəfat etmişdir.
    Anım mərasimini Hüseyn Cavidin Ev Muzeyinin direktoru, fil.ü.e.d Gülbəniz Babaxanlı açaraq bildirdi ki, H.Cavidin həyatı çətinliklərlə dolu olsa da bu onu gələcək nəsillərə zəngin yaradıcılıq irsi qoyub getməsinə mane ola bilmədi. H.Cavid bizə bizim gəncliyimizə elə bir yaradıcılıq irsi bəxş edib ki, indi də hər kəs bu zəngin irsdən bəhrələnir.
    Hüseyn Cavidin Ev Muzeyində hər il olduğu kimi bu il də keçirilən anım mərasimində iştirak edən hər kəs muzeyin ekspozisiyası ilə yaxından tanış oldular.
    Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin tələbələri anım tədbirində Hüseyn Cavidin əsərlərindən parçalar səsləndirdilər. Tələbələr muzeyin ekspozisiyası ilə yaxından tanış olub Cavidlər ailəsinin başına gələn faciələr haqqında geniş məlumat əldə etdilər. Hətta o fakt da qeyd edildi ki, H.Cavid 1941-ci ildə 59 yaşında vəfat etməsinə baxmayaraq, onun ailəsinə ölümü haqqında şəhadətnamə yalnız 7 il sonra 1948-ci il mart ayının 31-də gəlib çatıb. Yəni o vaxta qədər 7 il müddətində Sibirdən heç bir məktub gəlməsə belə ailə onun sağ olduğuna inanırdı.
    Muzeyin ekspozisiyasında - “Cavidin faciəsi” otağında yer alan dəyərli eksponatlardan olan şairin Sibirdəki məzarından götürülmüş bir ovuc torpaq, xüsusilə, tədbir iştirakçılarının marağına səbəb oldu.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.