“Turan Cavid - 95” adlı elmi sessiya keçirildi

02.10.2018

    Oktyabrın 2-si Cavidlər ailəsinin layiqli davamçısı, H.Cavidin yeganə qızı, H.Cavidin Ev Muzeyinin qurucusu Turan Cavidin 95 illik yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Turan Cavid-95” adlı elmi sessiya keçirildi. Sessiyanı giriş sözü ilə H.Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı açdı və öz çıxışında Turan Cavidin yaradıcılığından danışdı. G.Babaxanlı Turan Cavidin nə qədər fədakar bir insan olmasını, onun çəkdiyi bütün iztirablara baxmayaraq nə qədər məğrur, əyilməz bir qadın olduğunu qeyd etdi. H.Cavidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə atılan mühüm addımlardan, o cümlədən, H.Cavidin Bakıdakı Ev Muzeyinin yaradılması, Naxçıvanda H.Cavid məqbərəsinin və heykəlinin ucaldılması, ədibin adının məktəb, park, prospekt və küçələrə verilməsi, H.Cavidin külliyatının orijinal variantına qaytarılmasında Ulu Öndərimizin və Turan Cavidin danılmaz əməyindən söhbət açdı.
    Daha sonra tədbirin qonağı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavini, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetininin təsisçisi, şairə, fil.ü.e.d. Cavidşünas Sona Vəliyeva tədbirdə çıxış edərək Muzeyin Cavidlər ailəsinin ruhlarının qorunduğu bir məbəd olduğunu və burada çalışmağın nə qədər qürurverici və müqəddəs bir iş olduğunu qeyd etdi.
    Muzeyin elmi katibi İlahə Novruzova çıxışında qeyd etdi ki, Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu T.Cavidin bütün həyatının hər bir anını özündə əks etdirən “Turan Cavid. Ömür salnaməsi” kitabı Turan Cavidin ruhuna göstərilən dərin hörmətin və ehtiramın nümunəsidir.
    Sonda tədbir iştirakçıları və qonaqlar Muzeyin ekspozisiyasında yubiley münasibətilə açılmış T.Cavidin çoxşaxəli fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular. Sərgidə nümayiş olunan T.Cavidin həyat və sənət yolundan bəhs edən sənədlər, əlyazmalar, fotolar, fəxri fərmanlar, təltiflər, xatirə əşyaları haqqında tamaşaçılara geniş məlumat verildi. Sessiyanın sonunda tədbir iştirakçıları muzeyin ekspozisiyası ilə tanış oldular və xatirə şəkli çəkdirdilər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.