Turan Cavid anıldı

12.09.2018

    Hər il sentyabr ayının 12-si H.Cavidin Ev Muzeyində H.Cavidin biricik qızı, dəyərli muzeyşünas, pedaqoq, mətnşünas, Cavidlər ailəsinin layiqli davamçısı olan Turan Cavidin anım günü kimi qeyd edilir. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində anım tədbiri keçirildi və Turan Cavidin xatirəsi ehtiramla yad edildi. Anım tədbirini giriş sözü ilə açan Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı qeyd etdi ki, Turan Cavid işığı heç zaman sönmür. “Əslində, Turan Cavid adı özü-özünə elə bil nur saçır ki, onun əlavə aydınlığa, təqdimata ehtiyacı yoxdur” deyib bütün deyiləcək sözlərin, görüləcək işlərin üstündən keçmək də olardı, amma gələcək nəsillərə öz çətin taleyinə mətanətlə sinə gərmiş, üzərinə düşən missiyanı ləyaqətlə başa vurmuş bu dəyərli Azərbaycan övladını yad etmək bizim mənəvi borcumuzdur.
    O, vurğuladı ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dahi Cavidə vəfalı övlad, Turana isə qayğıkeş qardaş münasibəti bəsləmişdir. Ərtoğrol Cavidin ölmədən öncə bir arzusu var idi: “Məni yalnız bir məsələ düşündürür. Sizin Naxçıvana gəlməniz. Tezliklə bir yerə toplansaq, nə böyük sevinc olar”. Heç olmasa o dünyada qovuşsunlar deyə bu arzunu Ulu öndər gerçəkləşdirdi. Ulu öndərlə Turan Cavidin birlikdə ərsəyə gətirdikləri möhtəşəm əsər – Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Hüseyn Cavidin Ev Muzeyi bu gün də Turan Cavidin bütün həyatını sərf etdiyi cavidlər ailəsinin irsi ilə bağlı işləri uğurla davam etdirir.
    G.Babaxanlı həmçinin qeyd etdi ki, Turan Cavid bu həyatda atası, dahi şairimiz Hüseyn Cavidin adına layiq bir ömür sürməklə nə qədər xeyirli və gərəkli övlad olduğunu sübut etdi. Bəlkə də Turan xanımın yerində başqa bir övlad olsaydı bu qədər dərd-səri, həyatın ağır yükünü gənc yaşlarından ömrünün sonuna qədər öz zərif çiyinlərində daşımağa gücü yetməzdi. Bu mənada, onun həyatı və yaradıcılığı bütün Azərbaycanlılara, vətən övladlarına bir örnəkdir. O, çıxışında muzeyin gələcək fəaliyyətində gənclərin üzərinə düşən vəzifələrdən də söhbət açaraq onlara bu istiqamətdə daha fəal olmağı tövsiyə etdi.
    Hüseyn Cavid nəslinin layiqli davamçısı olaraq, istedadı, bacarığı ilə xalqına xidmət etmiş ziyalı xanım Turan Cavidin həyat və fəaliyyətini əks etdirən eksponatlardan və kitablardan ibarət sərgi təşkil olundu. Muzeyə gələn tamaşaçılar sərgi ilə yaxından tanış oldu və onlara Turan Cavidin şərəfli və eyni zamanda keşməkeşli həyat salnaməsi barədə geniş məlumat verildi. Qonaqlar xüsusən muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlının layihə müəllifi və tərtibçisi olduğu “Turan Cavid. Ömür səlnaməsi” kitabına böyük maraq göstərdilər.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.