Hüseyn Cavidin Ev Muzeyində “Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda respublika elmi konfransı keçirildi

29.05.2018

    May ayının 25-də AMEA Hüseyn Cavidin Ev Muzeyinin və Abdulla Şaiqin Ev Muzeyinin birgə təşkilatçılığı ilə H.Cavidin Ev Muzeyində Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” (Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə) mövzusunda respublika elmi konfrans keçirilib. Konfrans Hüseyn Cavid, Əhməd Cavad və Abdulla Şaiqin Cümhuriyyət dövrü yaradıcılığına həsr olunub.
    Konfrans iştirakçıları ilk olaraq Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyasını ziyarət ediblər.
    Konfransı giriş sözü ilə H.Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq konfrans iştirakçılarını salamlayıb və Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladaraq 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında misilsiz hadisədir və bu, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-yə verilən tarixi qiymətdir. Cəmi iki ilə yaxın yaşamış Cümhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.
    Gülbəniz xanım Hüseyn Cavidlə Abdulla Şaiqin sıx dostluq əlaqələri haqqında danışarkən onların birgə hazırladığı “Ədəbiyyat dərsləri” dərsliyinin əhəmiyyətindən də danışdı. Dərsliyin yenidən redaktə və transfonoliterasiya edilib çap edilməsi günümüzdə də belə dərsliklərə ehtiyac olmasının zərurətindən yarandı.
    Konfransda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi fil.ü.f.d. Yusif Günaydının “Romantik qəhrəmanlar sosial ədalət axtarışında”, t.ü.e.d., professor Minaxanım Əsədlinin, “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Yusif Ziya Talıbzadənin rolu”, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, t.ü.e.d., professor Minaxanım Əsədlinin “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Yusif Ziya Talıbzadənin rolu”, ped.e.ü.f.d., Məlahət Mürşüdlünün “Şaiq Nümunə Məktəbi” Cümhuriyyət dönəmi milli təhsil quruculuğunun intibahı kimi”, Əlyazmalar İnstitutunun elmi katibi Fil.ü.f.d., dos. Əzizağa Nəcəfzadənin “Hürriyyət aşiqi Hüseyn Cavid”, H.Cavidin Ev Muzeyinin Elmi katibi İlahə Novruzovanın “Hüseyn Cavid yaradıcılığında Türkçülüyün, Cümhuriyyətçiliyin tərənnümü”, Fil.ü.f.d. Arzu Əhməd Hacıyevanın “Abdulla Şaiq Cümhuriyyət illərində”, H.Cavidin Ev Muzeyinin Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyevanın “Cümhuriyyət şairlərinin elmi-pedaqoji yaradıcılığından bir örnək” və s. məruzələri dinlənilib.
    Sonda Abdulla Şaiqin Ev Muzeyinin direktoru sən.ü.f.d. Ülkər Talıbzadə Abdulla Şaiqin və Hüseyn Cavidin məslək, ideologiya və əqidə dostu olmaları haqqıda danışdı, onların ruhlarının bu gün də yaşadığı Ev Muzeylərinin bu ənənəni davam etdirdiyini, muzeylər arasında sıx münasibətlərin olduğunu bildirdi. Yekunda Ülkər Talıbzadə hər kəsi Cümhuriyyətin 100 illliyi münasibətilə təbrik etdi.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.