Azərbaycan Dillər Universiteti böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib

26.04.2018

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov bildirib ki, H.Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. Onun dünya romantizm ənənələri zəminində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi olan müxtəlif janrda əsərləri qiymətli söz inciləri kimi xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Akademik konfransın Hüseyn Cavid irsinin tədqiqi və təbliği baxımından önəmini vurğulayaraq dramaturqun zəngin yaradıcılığı barədə ətraflı məlumat verib.
    Konfransda universitetin rektoru, akademik Kamal Abdulla prezident İlham Əliyevin dahi dramaturqun 135 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncama diqqət çəkərək, ADU-da Hüseyn Cavidə həsr olunan silsilə tədbirlərin keçiriləcəyini bildirib. O, Ulu öndər Heydər Əliyevin Hüseyn Cavid irsinə həmişə böyük hörmət və ehtiramla yanaşdığını bildirərək, dramaturqun nəşinin uzaq Sibirdən – İrkutsk vilayətindən Azərbaycana gətirilməsində Ümummilli liderin böyük xidmətləri olduğunu vurğulayıb.
    AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, Hüseyn Cavid yaradıcılığındakı fəlsəfi, tarixi fikirlər Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. T.Kərimli H.Cavid yaradıcılığının təbliğinin əhəmiyyətini vurğulayıb: “Mentalitetimizin formalaşmasında müstəsna xidmətləri olan Hüseyn Cavid yaradıcılığının araşdırılması gənc nəslin vətənpərvər kimi formalaşmasında mühüm rol oynayır”.
    AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, rəhbəri olduğu muzey mütəfəkkir sənətkarın yaradıcılığının təbliği, tədqiqi və sistemləşdirilməsi ilə məşğul olur: “Hüseyn Cavidin Ev Muzeyinin həyata keçirdiyi Cavidşünaslıq layihəsi çərçivəsində Hüseyn Cavidin həyat və yaradıcılığı barədə dövri mətbuatda çap olunan məqalələrin 50 cildlik kitab şəklində nəşr edilməsi nəzərdə tutulur. Bu günə kimi akademik Kamal Abdullanın rəhbərliyi ilə Hüseyn Cavidin əsərləri müxtəlif dillərə tərcümə olunaraq Avropa ölkələrinə yayılıb”. H.Cavidin Ev Muzeyində 15 mindən artıq eksponatın qorunub saxlanıldığını deyən Gülbəniz Babaxanlı müxtəlif yerli və səyyar sərgilərin təşkil olunduğunu sözlərinə əlavə edib.
    Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının professoru, Cavidşünas Cəlal Qasımov əsərlərində bəşəri ideyalara, türkçülüyə geniş yer verən Hüseyn Cavid yaradıcılığının öyrənilməsində onun qızı Turan Cavidin göstərdiyi əvəzsiz xidmətlərdən danışıb: “Mənzum dramaturgiyanı Azərbaycan ədəbiyyatına gətirən Hüseyn Cavidin yaradıcılığında biz tarixə sadiqliyin şahidi oluruq. Millətin milli-mənəvi dəyərlərinə hücum olunan zaman Hüseyn Cavid tarixə müraciət edib və “Peyğəmbər” əsərini ərsəyə gətirib, türkün tarixi və torpağı hədəf seçilən zaman isə o, “Topal Teymur”u yazıb. Beləliklə, biz onun yaradıcılığında tarixi köklərə bağlılığın, vətənə sədaqətin təcəssümünü görürük”.
    Sonda Hüseyn Cavidin Ev Muzeyinin təşkil etdiyi böyük dramaturqun həyat və yaradıcılığını, onun əsərlərinin səhnə taleyini əks etdirən kitab, foto sərgi və videoçarx nümayiş etdirilib.


© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.