AMEA Hüseyn Cavidin Ev Muzeyi

Hüseyn Cavidin həyat
və yaradıcılığı


Hüseyn Cavid

Filosof şair, böyük dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biridir.
Həyatı. Hüseyn Abdulla oğlu Rasizadə 1882-ci il oktyabr ayının 24-də Azərbaycanın qədim elm və sənət, mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhərində ruhani ailəsində anadan olmuşdur. İlk ibtidai təhsilini evdə atasından alan, sonra isə 1891-1896-cı illər arasında mollaxanada davam etdirən Hüseyn 1896-1898-ci illərdə görkəmli maarifpərvər ziyalı və istedadlı pedaqoq Məhəmmədtağı Sidqinin “Tərbiyə” məktəbində oxumuş, daha sonra isə regionun pedaqoji mərkəzlərindən sayılan Təbrizin “Talibiyyə” mədrəsəsinin müdavimi olmuşdur. Hüseyn ilk şeirlərini də məhz həmin dövrdə qələmə almış, müəllimləri və ədəbi-mədəni mühiti tərəfindən gələcəyin böyük şairi kimi səciyyələndirilmişdir.
1906-1908-ci illər arasında Türkiyədə İstanbul Universitetinin Ədəbiyyat Bölümünün müdavimi olan Hüseyn Rasizadə “Vərəmli qız” adlı poetik əsəri ilə İstanbulda keçirilən şeir müsabiqəsində iştirak etmiş və mükafata layiq görülmüşdür.
1909-cu ildə “Cavid” ədəbi təxəllüsünü seçmiş və bundan sonra özü və onun ailəsi bu soyadla tanınmışdır.
Hüseyn Cavid 1910-cu ildə Azərbaycana qayıtmış və bir müddət Gəncədə ruhani seminariyasında və Tiflisdə “Aliyev uçeniye” məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1915-ci ildə Bakıya köçən H.Cavid “Səfa” məktəbində müəllim işləmiş, burada təşkil olunmuş “Ədəbiyyat komissiyası”na üzv seçilmişdir. 1918-ci ildə erməni quldur dəstələrinin Bakıda türk genosidi törətdikləri zaman Hüseyn Cavid Təbrizə, oradan isə doğma vətəni Naxçıvana getmiş, həmin şəhərdəki “Rüşdiyyə” məktəbində müəllim işləmiş, gələcək ömür-gün yoldaşı Mişkinaz xanımla ailə həyatı qurmuşdur. Bu izdivacdan 1919-cu ildə oğlu Ərtoğrol, 1923-cü ildə isə qızı Turan dünyaya gəlmişdir. Azərbaycan Demokratik Respublikası (1918-1920) qurulduqdan sonra 1919-cu ildə yenidən Bakıya köçən H.Cavid hazırlıq kurslarında ədəbiyyat fənnini tədris etmiş, bir müddət qız məktəbində şəriətdən dərs demişdir. 1919-cu ilin mayında keçirilən Müəllimlər İttifaqının iclasında idarə heyətinin üzvü, həmin ilin iyulunda isə Azərbaycan Müəllimlər konfransında Təlifat (nəşriyyat) Heyətinə seçilmişdir. H.Cavid ömrünün son on yeddi ilini Bakı Müəllimlər Seminariyası – Darülmüəllimin ilə bağlamış, istedadlı bir müəllim kimi də tanınmışdır.
H.Cavid 1920-ci ilin martında “Yaşıl qələm” dərnəyinin ümumi iclasında cəmiyyətin nizamnaməsini hazırlayan komissiyanın, 1921-ci ilin avqustunda “Tənqid-təbliğ” teatrının repertuar komissiyasının, 1923-cü ilin yayında Azərbaycan yazıçı, ədib və şairlərinin təşkilat komissiyasının, bir neçə ay sonra təşkil olunmuş “Azərbaycan ədib və şairlər dərnəyi”nin idarə heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.
1924-cü ildə Bakıdakı II dərəcəli 16-cı qız məktəbinə H.Cavidin adı verilmişdir.


Hüseyn Cavid


1925-ci ilin fevralında H.Cavid Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmişdir. 1926-cı ilin iyun-oktyabr aylarında Berlinə ezam edilən H.Cavid oradan böyük ədəbi-bədii, fəlsəfi-ictimai, mədəni-mənəvi təəssüratla qayıtmışdır.
1927-ci ildə Xalq Komissarları şurasının qərarı ilə Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi çoxillik xidmətlərə görə H.Cavidə fəxri təqaüd verilməsi haqqında qərar qəbul olunmuşdur.
1929-cu ildə Cavid Yeni əlifba komitəsinin konfransında, Bakıda Gürcüstan yazıçıları ilə birgə keçirilmiş ədəbi-bədii tədbirdə yaxından iştirak etmişdir. Həmin ilin iyununda o, Zaqafqaziya Şura Yazıçıları və İncəsənət Xadimləri Birliyinin təşkilat komissiyasına üzv seçilmiş, Şura yazıçılarının müşayiəti ilə Gürcüstana səfər etmişdir. H.Cavid 1933-cü ildə Azərbaycan Şura Yazıçıları Cəmiyyətinin təşkilat komitəsinin I plenumunda və Azərbaycan Şura Yazıçıları İttifaqının Təşkilat Komitəsinin qəbul komissiyasının işində, 1935-ci ilin dekabrında keçirilən Zaqafqaziya dramaturqlarının Bakı müşavirəsində, 1936-cı ildə Moskva, Leninqrad və Minsk şəhərlərində keçirilən Azərbaycan poeziyası və dramı günlərində yaxından iştirak etmişdir. Həmin ildə onun “Xəyyam” pyesi ədəbi əsərlər müsabiqəsində mükafata layiq görülmüşdür.
1937-ci il Azərbaycanın bir çox görkəmli ziyalıları kimi Hüseyn Cavidin də taleyində qara izlər buraxmışdır. Həmin ilin iyun ayının 3-də Cavidə qarşı “millətçi” ittihamı irəli sürülmüş, ertəsi gün böyük şair və dramaturq həbs olunmuşdur. Tam iki il müddətində Cavid Keşlə və Bayıl həbsxanalarında ağır dustaqlıq şəraitində yaşadıqdan sonra 1939-cu ilin 4 iyulunda anti-sovet təbliğatında iştirakına görə 8 il həbs cəzası alaraq Sibirə sürgün edilmişdir. Uzun illərin mənəvi-psixoloji təzyiqlərindən sonra səhhəti pozulmuş şair, 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko qəsəbəsində vəfat etmişdir.
1956-cı il 6 mart tarixində Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavidə bəraət verilmiş, 1982-ci ilin 26 oktyabr tarixində 100 illik yubileyi ərəfəsində Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin nəşi Sibirdən Bakıya gətirilmiş və həmin ilin 3 noyabr tarixində Naxçıvanda dəfn olunmuşdur. 1996-cı ildə Hüseyn Cavidin qəbri üzərində məqbərə ucaldılmışdır.

Yaradıcılığı. H.Cavid ədəbiyyat aləminə şeirlə gəlmiş və bütün ömrü boyu poetik yaradıcılığını davam etdirmişdir. Hələ ilk qələm təcrübələrindən onun istedadlı bir şair olduğu nəzərə çarpırdı. Ədəbi yaradıcılığa şair və publisist kimi başlamış Hüseyn Rasizadə ilk mətbu əsərlərini 1904-cü ildə “Şərqi-Rus” qəzetində oxuculara təqdim etmişdir. Sevimli müəllimi Məhəmmədtağı Sidqinin vəfatı münasibətilə Urmiyadan yazdığı məktub qəzetin 23 yanvar sayında nəşr olunmuşdur. Bundan sonra gənc ədib müntəzəm olaraq “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Açıq söz” kimi mətbu orqanlarda çıxış etmişdir. Hüseyn Cavid dramaturji yaradıcılığa 1910-cu ildə yazdığı “Ana” pyesi ilə başlamışdır. Əsər 1913-cü ildə Tiflisdə nəşr olunmuşdur. Pyesin mövzusu orta əsr italyan novellasından götürülsə də, Cavid onu milli təfəkkürə, Azərbaycan-türk mentalitetinə uyğunlaşdırmış və orijinal bir əsər meydana gətirmişdir.


Hüseyn Cavid ailəsi ilə


1913-cü ildə H.Cavidin bir sıra şeirləri “Keçmiş günlər” adı altında Tiflisdə nəşr edilmişdir. Cəmisi 24 səhifədən ibarət olan bu kiçik məcmuədə Hüseyn Cavidin 1905-1913-cü illər arasında yazdığı lirik, romantik və ictimai məzmunlu əsərləri toplanmışdır. Bu şeirlərdə H.Cavid fərdin arzuları ilə cəmiyyətin tələbləri arasındakı ziddiyyətləri açıb göstərmişdir. H.Cavidin 1905-1917-ci illərdə qələmə alınmış, şairin insan taleyinin problemləri ilə bağlı narahatlığını, öz millətinin keçmişi, bugünü və gələcəyi haqqında qayğılarını ifadə edən şeirləri “Bahar şəbnəmləri” adlanan ikinci poetik topluda cəmlənmişdir.
Hələ 1906-1908-ci illərdə İstanbul Universitetinin Ədəbiyyat bölümündə təhsil aldığı zaman Türkiyə mətbuatında şeirləri dərc olunan Hüseyn Cavid qardaş ölkənin ədəbi mühitində də tanınmışdır. Şairin “Keçmiş günlər” poetik toplusuna daxil olan “Hübuti-Adəm” (“Adəmin (cənnətdən) enməsi”), “Yadi-mazi” (“Keçmişin yada salınması”) kimi ilk şeirləri didaktik məzmunu, keçmişin ideallaşdırılması ilə seçilir. H.Cavid bəşəriyyətin xilas yolunu qadına məhəbbətdə, qadın gözəlliyində, qadın sevgisində görür. Bu baxımdan “Bənim Tanrım” şeiri proqram səciyyəsi daşıyır. 1912-1918-ci illər H.Cavid yaradıcılığında daha çox dramatik janrın yüksəlişi ilə xarakterizə olunur. “Maral” (1912) əsərinin mövzusu Azərbaycan qadınlarının faciəsini özündə əks etdirir. “Şeyx Sənan” (1914) – Hüseyn Cavidin ilk uğurlu faciəsi sayılır. Yazıldığı gündən əsər Azərbaycan teatrlarında müntəzəm olaraq tamaşaya qoyulmuş, şərəfli bir səhnə yolu keçmiş, tamaşaçıların böyük rəğbətini və məhəbbətini qazanmışdır.
H.Cavid bu əsərində simvolik obrazlar kimi istifadə etdiyi Şeyx Sənan və Xumarın vasitəsilə dünyəvi məhəbbəti inkar edən din xadimlərini tənqid etmiş və təbiətin gözəlliyə, ülviliyə çağırışı kimi mənalandırdığı insani eşqin təbliği tərəfində dayanmışdır.
Hüseyn Cavid 1917-ci ildə tamamladığı “Şeyda” faciəsində ümumbəşəri qlobal mövzulardan daha konkret, lokal mövzulara keçid etmiş, ətrafında görüb müşahidə etdiyi real insanları və faktları səhnəyə gətirmişdir. H.Cavidin 1918-ci ildə qələmə aldığı “İblis” faciəsində hadisələr konkret lokal məkanda deyil, daha çox simvolik bir xronotopda cərəyan edir. Ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına qarşı olan bu əsər Hüseyn Cavidin bir filosof və humanist insan kimi düşüncələrini daha miqyaslı şəkildə anlamağa kömək edir.
1921-1923-cü illərdə H.Cavidin əsərləri müxtəlif ölkələrin səhnələrində dalbadal böyük uğurla tamaşaya qoyulmuş, görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayev H.Cavidin eyniadlı faciəsi əsasında “İblis” operasını yazmışdır.
1923-cü ildən yazılmağa başlanmış və lakin başa çatdırılmamış “Azər” poeması Azərbaycan və Avropa lövhələrini, xalqımızın həyatından alınan ayrı-ayrı səhnələri əks etdirir. “Azər” lirik-epik, fəlsəfi bir poemadır. Şair ömrü boyu onu düşündürən problemləri bu orijinal quruluşlu poemada bədii şəkildə təsbit etmişdir.
“Azər” əsərinin bir sıra hissələri lirik, bir sıra hissələri epik poema təsiri bağışlayırsa, bir sıra hissələrində mənzum dram ünsürlərini də görmək olar.
1924-cü ildə ədibin “Peyğəmbər” dramı çap edilmişdir. Həmin il “İblis” faciəsi də ilk dəfə kitab şəklində nəşr olunaraq oxucuların istifadəsinə verilmişdir.
H.Cavid 1925-ci ildə estetik mahiyyəti və obyektiv-fəlsəfi mahiyyəti çağdaş tiranlara qarşı etiraz və istehza ilə dolu olan “Topal Teymur” əsərini qələmə almış, əsər 1926-cı ildə nəşr edilərək Azərbaycan Akademik Teatrında səhnələşdirilmişdir.
1928-ci ildə ədibin “Şeyx Sənan” faciəsi Təbriz teatrında, 1930-cu ilin martında “Knyaz” pyesi Tiflis Dövlət Qırmızı Ordu teatrında ilk dəfə tamaşaya qoyulmuşdur. H.Cavid 1930-1937-ci illər arasında Cənublu-Şimallı Vətən övladlarının taleyindən bəhs edən “Telli saz” pyesini, böyük İran şairi Əbülqasim Firdövsinin 1000 illik yubileyinə həsr edilmiş “Səyavuş” faciəsini, “Şəhla”, “İblisin intiqamı”, “Xəyyam” dramlarını qələmə almışdır.


Hüseyn Cavid ailəsi ilə


1934-cü ildə dramaturqun “Səyavuş” əsəri “Azərnəşr”də çap olunmuş və Azərbaycan Dövlət Teatrında tamaşaya qoyulmuşdur. XX əsr Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin zəngin və çoxşaxəli yaradıcılığı bugün də sevilir, oxunur və dünya ədəbiyyatı xəzinəsindəki yerini və bədii əhəmiyyətini qorumaqda davam edir.
Təsadüfi deyil ki, Hüseyn Cavid yaradıcılığının tədqiq və təbliği Azərbaycanda dövlətin mədəniyyət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qeyd olunduğu kimi, Ulu öndər Heydər Əliyev 1982-ci ildə Cavidin nəşinin Sibirdən Bakıya qaytarılmasına nail olmuşdur. Lakin o, bundan sonra da ədibə mənəvi hamiliyini əsirgəməmiş, şairə ikinci bəraətini qazandırmışdır. Daha sonra Naxçıvanda və Bakıda Cavidin Ev Muzeylərinin yaradılması, məqbərəsinin ucaldılması, külliyyatının çap edilməsi, 100, 120 illik yubiley tədbirlərinin keçirilməsi də məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev kimi onun uzaqgörən, müdrik ardıcılı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də hakimiyyəti dövründə Hüseyn Cavid adının uca tutulması, ədibin xatirəsinin daim hörmət və ehtiramla yad edilməsi, Cavid yaradıcılığının dövlət səviyyəsində təbliği sahəsində bir çox işlər görülmüşdür.
“Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən Hüseyn Cavidin əsərləri 5 cilddə latın qrafikası ilə nəşr olunmuşdur. Prezident Cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri yüksək səviyyədə qeyd olunmuş, Bakıdakı Ev muzeyi tərəfindən Hüseyn Cavidin bir çox əsərləri Azərbaycan dilində və bir çox xarici dillərdə hazırlanaraq nəşr edilmişdir; Hüseyn Cavidin həyat və yaradıcılığı barədə materialları əks etdirən 30 cildlik “Cavidşünaslıq” araşdırmalar toplusu ərsəyə gətirilmiş, Ərtoğrol və Turan Cavidlərin həyat və yaradıcılığından bəhs edən kitablar işıq üzü görmüşdür və s.