Hüseyn Cavidin Ev Muzeyi elmlə təhsilin inteqrasiyası prosesində fəal iştirak edir

27.02.2016

    Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyi elmi tədqiqat müəssisəsi kimi, öz fəaliyyəti ilə ölkəmizdə yüksəkixtisaslı ədəbiyyatşünas və muzeyşünas mütəxəssislərin və elmi kadrların formalaşması prosesində yaxından iştirak etməklə bu istiqamətdə elmlə təhsilin səmərəli inteqrasiyasını qismən də olsa təmin etməyə çalışır. Respublikamız üçün humanitar sahədə son dərəcə əhəmiyyətli olan bu ixtisaslar üzrə elmi biliklərə yiyələnmiş kadrların – tələbə, magistr, doktorant və dissertanların hazırlanmasında Hüseyn Cavidin Ev Muzeyinin səmərəli iştirakı onun fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir.
    Bu məqsədlə, muzeyi ziyarətə gələn gənc ədəbiyyatşünas və muzeyşünas mütəxəssislərə filosof şair Hüseyn Cavid və ümumilikdə cavidlər ailəsinin zəngin irsi barədə qısa mühazirələr və ətraflı ekskursiyalar keçirilir, onlara muzeyin nəşri olan kitablar haqqında ətraflı məlumatlar verilir. Muzeydə hər il ənənəvi olaraq böyük dramaturqun doğum günü münasibətilə təşkil olunan elmi konfranslarda gənclərin məruzə ilə iştirak etmələrinə xüsusi diqqət yetirilir. Qeyd edək ki, bu istiqamətdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının elmi rəhbərliyi ilə həyata keçirilən bu cür mühüm işlər dahi Hüseyn Cavidin və cavidlər irsinin, eləcə də muzeyşünaslıq fəaliyyətinin öyrənilməsi və təbliği sahəsində elmlə təhsilin inteqrasiya prosesinə müsbət təsir göstərir.
    Muzeydə gənclərlə mütəmadi olaraq keçirilən bu cür görüşlərdən sonuncusu 27 fevral 2016-cı il tarixində Bakı Slavyan Universitetinin “Xarici dil (Rus dili)” müəllimliyi ixtisasında təhsil alan “SABAH” qruplarının II kurs tələbələri ilə baş tutmuşdur. Tələbələrə “Ədəbiyyatdan praktikum” fənni üzrə böyük şair və filosof şair Hüseyn Cavidin zəngin yaradıcılığı haqqında, özündə dramaturqun zəngin irsini özündə əks etdirən nəşrlər haqqında mühazirə oxunmuş və onlara ətraflı ekskursiya keçirilmişdir. Muzeyin elmi katibi öz mühazirəsində müəssisədə həyata keçirilən elmi tədqiqat işlərinin nəticəsi olaraq çap olunmuş kitabların hər biri barədə tələbələrə ətraflı məlumat vermişdir. Elmi ekspozisiya şöbəsinin müdiri tərəfindən aparılan ekskursiya zamanı isə tələbələrin marağına səbəb olan bütün esponatlar barədə geniş məlumat çatdırılmışdır. Qeyd edək ki, tələbələr mühazirə və ekskursiya zamanı lazımi qeydlər aparmışlar.

Natiq Mürsəlov
Məsul şəxs