AMEA Hüseyn Cavidin Ev Muzeyində “Yaddaşımızın qanlı yanvar səhifəsi” adlı tədbir keçirilib

19.01.2016

    Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbəri, akademik Ramiz Mehdiyevin 2015-ci il 15 dekabr tarixli 96 nömrəli sərəncamı ilə təsdiq edilmiş “20 yanvar faciəsinin iyirmi altıncı ildönümünün keçirilməsi ilə bağlı” Tədbirlər planının 3-cü bəndinə uyğun olaraq 19 yanvar 2015-ci il tarixində AMEA Hüseyn Cavidin Ev Muzeyində “Yaddaşımızın qanlı yanvar səhifəsi” adlı anım tədbiri keçirildi. Tədbirin əvvəlində iştirakçılar 20 yanvar şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbir zamanı bildirildi ki, bu gün Azərbaycan xalqının yaddaşına qəhrəmanlıq, azadlıq salnaməsi kimi yazılmışdır. Eyni zamanda o da vurğulandı ki, xalqımızın ümmumilli lideri Heydər Əliyev 20 Yanvar faciəsinin baş verdiyi günün səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və millətimizə qarşı törədilmiş ağır cinayətə öz kəskin etirazını bildirmişdir. Qeyd edildi ki, 20 yanvar tariximizin Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mübarizə - qəhrəmanlıq səhifəsi kimi daxil olub. Tariximizin qanlı yanvar səhifəsi olan 20 yanvar faciəsi göstərdi ki, Azərbaycan xalqı həmişə işğalçılara qarşı etirazını bildirib, milli kimliyini, azadlığını, suverenliyini hər şeydən üstün tutub.
    Tədbir ilə əlaqədar olaraq muzeydə “Yaddaşımızın qanlı yanvar səhifəsi” adlı ənənəvi və virtual sərgi də təşkil olunmuşdur. Sərgidə 20 yanvar faciəsi ilə əlaqədar mövzuları özündə əks etdirən kitablar sərgilənmişdir.