Hüseyn Cavidin zəngin irsinə yeniyetmə və gənclərin böyük marağı dahi şairimizə olan sevginin təcəssümüdür

12.11.2015

    Azərbaycanın böyük şairi Hüseyn Cavid kimi şəxsiyyətlərin ev muzeyləri, оnlara aid nə varsa hamısının bir araya gətirilməsi gələcək nəsillər üçün əvəzsiz təsir və tərbiyə faktıdır. Bu, gənc nəslin tarixi keçmişi və kimliyi haqqında aydın təsəvvür yaradır, dünyagörüşlərinin fоrmalaşmasında mühüm rоl оynayır. Bu məqsədlə də AMEA Hüseyn Cavidin Ev Muzeyinin ziyarətçiləri arasında yeniyetmə və gənclər böyük üstünlük təşkil edir. İl ərzində muzeyin müxtəlif yaş qruplarında olan yüzlərlə məktəbli qonağı olur.
    12 noyabr 2015-ci il tarixində də Nəsirəddin Tusi adına Gimnaziyanın 9-cu sinif şagirdləri ədəbiyyat müəllimi Pakizə Babayevanın rəhbərliyi ilə AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət etmişlər. Yeniyetmələrə böyük şairimiz Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında tutduğu mövqe və yaratdığı əsrarəngiz şeirlər barəsində ətraflı məlumat verilmişdir. Muzeyin əməkdaşları onları eksponatlarla yaxından tanış etmiş, bununla da şagirdlər dahi Cavidin və onun ailəsinin zəngin irsi haqqında dolğun məlumatlar əldə etmişlər. Muzeyin bütün tərtibatı, Hüseyn Cavidin həyat və yaradıcılığına verilən yüksək qiymət şagirdlərin böyük marağına səbəb olmuşdur.
    Qeyd edək ki, muzey fondunun təsviri sənət və heykəltaraşlıq bölməsində şair-dramaturqa həsr olunmuş 50-dən artıq boyakarlıq, qrafika, tətbiqi sənət və heykəltaraşlıq nümunələri yeniyetmələrin xüsusi diqqətini cəlb etmişdir.