Hüseyn Cavidin Ev Muzeyi Bakı Avropa Liseyinin şagirdlərini Fəxri Fərmanla təltif etdi

29.01.2014

Bakı Avropa Liseyində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbirdə liseyin müəlliməsi Aynur Quliyevanın rəhbərliyi ilə şagirdlərin ifasında H.Cavidin əsərlərindən parçalar səhnələşdirilib, şeirlərindən nümunələr səsləndirildi. Bununla əlaqədar olaraq, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı Bakı Avropa Liseyinin tədbirdə fəal iştirak edən 9-cu sinif şagirdlərinin H.Cavidin yaradıcılıq nümunələrini uğurla ifa etdiklərinə görə və onların müəlliməsi Aynur Quliyevanın H.Cavid irsini uğurla tədris və təbliğ etdiyinə görə muzeyin Fəxri Fərmanı ilə təltif edilmələri üçün qərar qəbul etdi. Yanvar ayının 28-də Fəxri Fərmanları təqdim edən Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi İlahə Novruzova liseyin direktoru Zülfiyyə Veysovaya və təşkilatçılara təşəkkürünü bildirdi, bu cür tədbirlərin təşkilinin məktəblilərin bədii-estetik tərbiyəsində və H.Cavid yaradıcılığına marağın artmasında böyük rol oynadığını vurğuladı.