Hüseyn Cavidin “Topal Teymur” əsərinin yazılmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilmişdir

13.10.2015

    Böyük sənətkar Hüseyn Cavidin qüdrətli türk sərkərdəsi və dövlət xadimi Əmir Teymur haqqında 1925-ci ildə qələmə aldığı tarixi “Topal Teymur” dram əsərinin yazılmasından 90 il ötür. Bu münasibətlə AMEA Hüseyn Cavidin Ev Muzeyində yubiley tədbiri təşkil edilmişdir. Tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı, muzey əməkdaşları və ədəbiyyatşünaslar iştirak edirdilər.
    Tədbirdə G.Babaxanlı “Topal Teymur” əsəri haqqında qısa elmi məruzə ilə çıxış etmişdir. Görkəmli filoloq G.Babaxanlı məruzəsində bildirdi ki, öz dramını 1925-ci ildə qələmə alan Hüseyn Cavid, əsərin baş qəhrəmanının sərkərdəlik istedadı və hökmdarlıq müdrikliyi qarşısında öz heyranlığını büruzə verməklə yanaşı, bu istedad və müdrikliyin orta əsrlər mühitinin qeyri-münbit zəminində bütün zənginliyi və parlaqlığı ilə çiçəklənə bilməməsinə də təəssüfünü gizlətməmişdir. Ancaq onu da qeyd edək ki, əsər boyu bir türk dahisi kimi Teymur adının doğurduğu qürur və fəxarət, bu böyük insanın dövrünə təsadüf edən qardaş qırğının doğurduğu təəssüf və acılığı üstələyə bilir və biz Hüseyn Cavidin bir mütəfəkkir sənətkar kimi rəğbətinin Teymurun tərəfində olduğunu hadisələrin gedişi və dialoqların səslənməsi boyu hiss edirik. Zənnimizcə, Hüseyn Cavid dahi bir şair-mütəfəkkir kimi bu məqsədini bədii cəhətdən yüksək səviyyədə reallaşdırmışdır. Buna görə də, qalib türk və məğlub türk haqqında yazılmış bu sənət əsərinin bütün çağdaş türkcələrə çevrilərək, ondakı yüksək ideyaların təbliği vətənpərvər ədəbiyyat adamları qarşısında duran müqəddəs vəzifələr sırasında olmalıdır.
    Sonra çıxış edən muzeyin elmi katibi Natiq Mürsəlov qeyd etdi ki, orta əsrlər mövzusunun Hüseyn Cavid tərəfindən müasir dramatik formada təqdimi bir sıra ziddiyyətlərin də meydana gəlməsini qaçılmaz etsə də, dramaturqun “Topal Teymur” tarixi dramındakı əsas qayə - müsbət planda verilmiş Teymur obrazını XX yüzilliyin türk hökmdarlarına bir örnək kimi təqdim etmək, tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətini artırmaqdan ibarətdir.
    Son olaraq Hüseyn Cavidin “Topal Teymur” əsərindən parçalar səsləndirilmişdir. Onu da qeyd edək ki, əsər dəfələrlə Azərbaycanda teatr səhnələrində tamaşaya qoyulmuşdur.