AMEA Hüseyn Cavidin Ev Muzeyində “Heydər Əliyev: “Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının
milli sərvətidir”” mövzusunda elmi sessiya keçirilib

26.05.2015

    May ayının 26-da AMEA Hüseyn Cavidin Ev Muzeyində “Heydər Əliyev: “Hüseyn Cavidin əsərləri Azərbaycan xalqının milli sərvətidir”” mövzusunda elmi sessiya keçirilib. Elmi sessiyada Muzeyin əməkdaşları ilə yanaşı tanınmış ədəbiyyatşünas mütəxəssislər iştirak edib.
    Sessiyanı açıq elan edən Hüseyn Cavidin Ev Muzeyinin direktoru, görkəmli cavidşünas-alim, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tədbir iştirakçılarını salamladıqdan sonra, “Heydər Əliyev ədəbiyyatın mesenatıdır” mövzusunda elmi məruzə ilə çıxış etdi. Məruzəsində G.Babaxanlı vurğuladı ki, xalqımızın bir çox klassik sənətkarı kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin də əsl qiymətini, müstəsna dəyər və lazımlığını Azərbaycan xalqının XX əsrdə yetirdiyi daha bir dahi oğlu, Ümummilli liderimiz, sözün sənətin böyük bilicisi və hamisi Heydər Əliyev müəyyən etmiş, onun istər cismən, istərsə də mənən vətəninə, xalqına qaytarılmasında, milli-mənəvi tərəqqi prosesində öz layiqli yerini tutmaqda müstəsna rol oynamışdır. Həmçinin G.Babaxanlı bildirdi ki, Azərbaycan xalqının öz zəngin və keşməkeşli tarixi boyu ərsəyə gətirdiyi ən böyük şəxsiyyətlərin, istedad və qabiliyyət, Vətən və el təəssübü sahiblərinin ön sıralarında duranlardan biri olan, xalqımızın tarixi taleyinin müəyyənləşməsində müstəsna rol oynayan və bu taleyi əbədi bir səadət məcrasına salan Heydər Əliyev dühası öz ölməz əməlləri ilə bu gün də yaşayır, icitmai-mədəni həyatımızın bütün sahələrində bünövrəsini qoyduğu işlərin davam etditilməsinə bizi ilhamlandırır. Ulu öndərin cismani yoxluğundan keçən hər il onun unikal ictimai-siyasi fəaliyyətinin indiyə qədər gizli qalan daha bir cəhətini üzə çıxarır və heç də qəribə deyildir ki, bu cəhətlər praktik baxımdan tükənməzdir. Bu, belə də olmalıdır, çünki zaman keçdikcə, Azərbaycan torpağında, Türk dünyasında və ümumiyyətlə dünyada insan nəsilləri bir-birini əvəzlədikcə hər nəslin öz Heydər Əliyevi olacaq, hər nəsil öz Heydər Əliyevinə öz dünyagörüşü, öz problemləri baxımından yanaşacaq və onu narahat edən suallara bu nəhəng şəxsiyyətin çoxyönlü fəaliyyət arenasında cavablar tapacaq. Bu, təkcə Heydər Əliyevə aid olan bir fenomen deyil, öz sahəsinin klassiki, ən böyük şəxsiyyəti olan bütün dahilər üçün xarakterikdir.
    Sonra Muzeyin elmi katibi Natiq Mürsəlov “Hüseyn Cavid irsinin təəssübkeşi” mövzusunda elmi məruzə ilə çıxış etdi. Məruzəsində N.Mürsəlov vurğuladı ki, Heydər Əliyev ilk növbədə bir azərbaycançı kimi ölkənin maraqlarına uyğun gələn bütün cəhətləri birləşdirmək, xalqa və dövlətə kompleks fayda vermək, onun yüksəlişinə maksimum dərəcədə nail olmaq yolunu tutmuşdu. Hüseyn Cavid irsi də bu baxımdan istisna təşkil etmirdi. Repressiya qurbanı olan Hüseyn Cavid Heydər Əliyev üçün bir də şəhid-sənətkar kimi əziz idi. Buna görə də təsadüfi deyil ki, Cavid mərasiminə gəlmiş Azərbaycan Prezidenti ilk növbədə Naxçıvandakı Şəhidlər Xiyabanına getmiş, burada qorunan fəxri kitaba öz ürək sözlərini yazmışdı. Şübhəsiz ki, bu sözlərdə Hüseyn Cavidin, Azərbaycanın başqa şəhid övladlarının da payı vardır. Çünki vətən, millət uğrunda canını fəda edənlər hər hansı bir zaman kəsiyinə sığışmır, tarixin əbədi yol yoldaşlarına çevrilirlər.
    Sessiyanın davamında Muzeyin şöbə müdiri Cəmilə Rzayevanın “Cavidin əsərlərinin nəşrinə dövlət qayğısı” mövzusunda elmi məruzəsi dinlənildi. O, məruzəsində diqqətə çatdırdı ki, Heydər Əliyev ideyalarının və işlərinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər sahədə olduğu kimi, Cavid irsinin nəşri, təbliği və öyrənilməsi sahəsində də ümummilli liderimizin başladığı qədirşünaslıq fəaliyyətini davam və inkişaf etdirir. Bu baxımdan Hüseyn Cavidin 125 və 130 illik yubileylərinin yüksək dövlət səviyyəsində keçirilməsi haqqında ölkə Prezidentinin imzaladığı sərəncamlar ədəbi-mədəni irsimizin, o sıradan Hüseyn Cavid yaradıcılığının ən ali dairələrdə necə yüksək qiymətləndirilməsi haqqında əyani təsəvvür oyadır. Azərbaycan dilində latın qrafikası ilə Respublika Prezidentinin sərəncamı ilə Hüseyn Cavidin külliyyatı kütləvi tirajla nəşr edilsə də, 25 minlik tirajın hamısı kitabxanalara hədiyyə edildiyindən, sevimli şairin əsərlərini stolüstü kitab kimi görmək istəyən minlərlə oxucunun arzusunu nəzərə alaraq beşcildliyin təkmilləşdirilmiş ikinci nəşri hazırlanmış və çap edilmişdir.
    Tədbirdə çıxış edən digər məruzəçilər bildirdilər ki, Hüseyn Cavid elə böyük sənətkarlarımızdandır ki, onun irsinin təbliği və təşviqi, populyarlaşdırılması yubileydən-yubileyə deyil, hər il, hər ay, hər gün həyata keçirilməlidir. Məhz bu müqəddəs və şərəfli vəzifəni öz üzərinə götürmüş Hüseyn Cavidin Ev Muzeyi gündən-günə möhkəmlənən və dünya dövlətləri sırasında öz layiqli yerini tutan Azərbaycan Respublikası rəhbərliyinin təmin etdiyi siyasi sabitlik və iqtisadi inkişaf şəraitində ölməz sənətkar qarşısında özünün gündəlik borcunu yerinə yetirməkdədir.