AMEA Hüseyn Cavidin Ev Muzeyində "Cavidşünaslıq" elmi araşdırmalar toplusunun
XI, XII, XIII, XIV cildləri nəşrə hazırlanır

14.01.2014

AMEA Hüseyn Cavidin Ev Muzeyinin layihəsi əsasında "Cavidşünaslıq" elmi araşdırmalar toplusu davamlı çap edilir. "Cavidşünaslıq" elmi araşdırmalar toplusuna H.Cavidin sağlığından günümüzə qədər şəxsiyyəti və yaradıcılığı haqqında mətbuatda nəşr edilmiş məqalələr, tədqiqat işləri toplanıb nəşr edilir. H.Cavidin Ev Muzeyi 2012-ci ildə "Cavidşünaslıq" elmi araşdırmalar toplusunun 10 cildini nəşr etdirmişdir. Toplunun I sayına Hüseyn Cavid şəxsiyyəti və yaradıcılığı haqqında 1912-1925-ci illərdə, II cildinə 1926-1930-cu illərdə, III sayına 1931-1937-ci illərdə, IV cildinə H.Cavidə bəraət veriləndən sonra, yəni 1956-1961-ci illərdə, V cildinə 1962-1963-cü illərdə, VI cildinə 1964-1970-ci illərdə, VII cildinə 1971-1974-cü illərdə, VIII cildinə 1975-1981-ci illərdə, IX cildinə H.Cavidin 100 illik yubileyi ərəfəsində 1982-ci ildə, X cildinə 1983-cü ildə çap olunmuş məqalə, resenziya, məlumat, mühakimə və müzakirə mətnləri, böyük sənətkara həsr edilmiş şeirlər, rəy və xatirələr, elmi publisistik və bədii materiallar daxil edilmişdir. Hazırda 2014-cü ilin elmi-tədqiqat planına uyğun olaraq AMEA Hüseyn Cavidin Ev Muzeyində "Cavidşünaslıq" elmi araşdırmalar toplusunun XI, XII, XIII, XIV cildləri üçün materiallar toplanır və ilin sonunadək nəşr edilməsi nəzərdə tutulmuşdur. Bu cildlərə 1981-ci ildən 1985-ci ilədək H.Cavid haqqında mətbuatda nəşr edilmiş məqalələr daxil ediləcəkdir.