31 mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş anım tədbiri keçirilib

31.03.2015

    AMEA Hüseyn Cavidin Ev Muzeyində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı 31 Mart Azərbaycanlıların Soyqırımı Günü barədə iştirakçılara ətraflı məlumat verərək qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin iki əsr ərzində xalqımıza qarşı törətdikləri vəhşiliklərə obyektiv hüquqi-siyasi qiymət verilib, ulu öndər tarixi ədaləti bərpa edərək 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martı Azərbaycanlıların Soyqırımı Günü elan edib. Bu tarixi sənəddən sonra hər il ölkəmizdə, eləcə də dünyanın bir çox dövlətlərində soyqırımla əlaqədar müxtəlif anım mərasimləri, xatirə tədbirləri keçirilir, erməni şovinizminin bu dəhşətli cinayəti pislənilir. O həmçinin azərbaycanlılara və türk xalqlarına qarşı əsrlər boyu soyqırım və deportasiya siyasətini mərhələ-mərhələ gerçəkləşdirən erməni millətçiləri və silahlı birləşmələrinin 1918-ci ilin mart ayında törətdikləri, analoqu olmayan soyqırım faciəsindən 97 il keçdiyini xatırladıb, həmin qanlı hadisələrin çox geniş coğrafiyaya malik olması barədə ətraflı çıxış edib. Babaxanlı təşkil edilmiş tədbirin təkcə anım mərasimi deyil, gənc nəsillərin xalqın tarixi keçmişini unutmamasına xidmət edən tədbir olduğunu vurğulayıb.
    Gülbəniz Babaxanlı daha maraqlı bir faktı qeyd etdi ki, 1918-ci ilin mart ayında daşnakların törətdiyi bu faciələr zamanı ölüm təhlükəsi ilə üz-üzə qalanlardan biri də dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid olmuşdur. Qaniçən cəlladlar H.Cavidi və onunla bərabər “Təbriz” mehmanxanasında yaşayan digər insanları da oradan silah gücünə çıxarmışlar və yol boyu bu insanlardan əksəriyyətini güllələmişlər. H.Cavid bir təsadüf nəticəsində ölümün pəncəsindən qurtula bilmişdir.
    Tədbir zamanı Muzeyin Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva öz çıxışı zamanı məlumat verərək bildirib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 97 il ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxmışdır. Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
    Sonda muzeyin ekspozisiyasında hazırlanmış 31 mart soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş foto sərgi və slayd nümayiş etdirilmişdir.