Muzeydə Ərtoğrol Cavidin vəfatının 74-cü ildönümü münasibətilə tədbir keçirilib

14.10.2017

    Oktyabrın 14-də AMEA Hüseyn Cavidin Ev Muzeyində böyük şair və dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin vəfat olmasının 74-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
   Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmləri doktoru Gülbəniz Babaxanlı bildirib ki, Azərbaycan mədəniyyəti tarixində bir ulduz kimi parlayıb tez də sönən Ərtoğrol Cavid çoxyönlü istedadı ilə diqqəti çəkmişdir. O, həm atası dahi Hüseyn Cavid kimi şair, həm müəllimləri dahi Bülbül və Üzeyir bəy Hacıbəyli kimi istedadlı musiqişünas və bəstəkar, həm də öz dövrünün böyük ümidlər verən musiqi və folklor tədqiqatçısı olmuşdur. Etnoqrafiya sahəsində də Ərtoğrolun xüsusi bilik və qabiliyyəti olmuşdur.
   AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Ərtoğrol Cavidin keşməkeşli ömür yolu sürdüyünü və onun çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın mədəniyyəti tarixində silinməz izlər qoyduğunu vurğulayıb. XX əsrin əvvəllərində zəngin qeyri-maddi mədəni irsin (folklor nümunələrinin) geniş xalq kütlələrindən toplanmasında, sistemləşdirilməsində, tədqiq edilməsində Ərtoğrolun əvəzsiz xidmətləri var.
   AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu çıxışında Azərbaycan zəngin qeyri-mədəni irsi ilə bağlı Ərtoğrol Cavidin müstəsna xidmətlərindən danışıb. O, çıxışında Ərtoğrol Cavidin Bakıdan topladığı mərasim və musiqi folkloru materiallarının əhəmiyyətindən danışıb.
   Daha sonra Muzeyin Elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva çıxışında bildirib ki, Muzeyin fondunda Ərtoğrol Cavidin şəxsi arxivi vardır. Burada onun əlyazmaları, qrammofon vallı, incəsənət nümunələri, rəsm əsərləri, musiqi əsərləri olan disk, video-kaset, özünün şəxsi kitabxanasına məxsus kitablar və Ərtoğrola həsr olunan kitablar və s. saxlanılır.
   Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva bildirib ki, Muzeydə Ərtoğrol Cavidin rəsm əsərləri (Şeksprin, Betxovenin portretləri, Abbasmirzə Şərifzadənin Şeyx Sənan rolunda təsviri və qızılgül rəsmi), not yazıları, uşaqlıq, yeniyetmə və gənclik dövrlərini əks etdirən fotoşəkillər, ona həsr olunmuş əllə toxunmuş süjetli xalça və s. materiallar nümayiş olunur.
   Lalə Əliyeva çıxışına davam edərək, ekspozisiyada Ərtoğrola aid sekreter masa qoyulduğunu bidirib. Burada vallar, musiqi ilə, şahmatla bağlı kitablar, lüğətlər, Ərtoğrolun əlyazmaları, dama taxtası, şahmat taxtası və s. yerləşir. Sekreter masanın üzərində Ərtoğrola məxsus sənədlər və əşyalar (diplom, zaçot kitabçası, vəsiqə, fırçalar və rəsm boyaları) nümayiş edilir.
   Lalə Əliyeva çıxışı zamanı “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyindən də danışıb. O bildirib ki, tərtibçisi və ön söz müəllifi fil.ü.e.d Gülbəniz Babaxanlı olan “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyi “Humay” Milli Mükafatına layiq görülmüşdür.
   Tədbirin sonunda fil.ü.e.d Gülbəniz Babaxanlı Ərtoğrol Cavidin ölməz xatirəsinin xalqımız tərəfindən həmişə hörmət və ehtiramla yad ediləcəyini bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.