AMEA Hüseyn Cavidin Ev Muzeyində “Bülbül və foklor” mövzusunda elmi sessiya keçirildi

29.06.2017

    Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyevin 11 may 2017-ci il tarixli Sərəncamına əsasən Respublikamızda Azərbaycan professional vokal məktəbinin banisi, tanınmış ictimai xadim Bülbülün 120 illik yubileyi münasibətilə tədbirlər keçirilir. Bu səbəbdən, iyunun 29-da AMEA Hüseyn Cavidin Ev Muzeyi və AMEA Folklor İnstitutu tədqiqatçı-alim, pedaqoq, SSRİ xalq artisti və görkəmli müğənni Bülbülün anadan olmasının 120 illiyi münasibətilə “Bülbül və folklor” mövzusunda elmi sessiya keçirdi. Hüseyn Cavidin Ev Muzeyində baş tutan elmi sessiyanı AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov açdı. O, iştirakçılara Bülbülün folklor fəaliyyətindən geniş məlumat verdi. Daha sonra söz AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi akademik Teymur Kərimliyə verildi. O da öz növbəsində görkəmli şəxsiyyət, Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş Bülbülün dünyəvi sənətindən söz açdı.
    Çıxışlardan sonra Bülbül haqqında məruzələr dinlənildi. “Azərbaycan musiqi folklorunun toplanması və tədqiqi tarixində Bülbülün yeri” adlı məruzə ilə çıxış edən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı Bülbülün və Ərtoğrol Cavidin birgə fəaliyyətindən söz açdı. Çıxışının sonunda o, Ərtoğrol Cavidin Bülbülə yazdığı son məktubu iştirakçıların nəzərinə çatdırdı.
    Daha sonra AMEA Folklor İnstitutunda “Musiqi folkloru” şöbəsinin müdiri sən.ü.e.d., prof. Nailə Rəhimbəyli “Bülbül və musiqi folkloru” və AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi Arzu Məmmədxanlı “Yaddaşlarda əbədiləşən səs” adlı məruzələrlə çıxış etdilər.
    Elmi sessiya əməkdar artist, xanəndə Nuriyyə Hüseynovanın ifasında səslənən “Bayatı-şiraz” muğamı və “Küçələrə su səpmişəm” xalq mahnısı ilə bitdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.