Hüseyn Cavidin “Maral” əsərinin yazılmasının 105 illiyi münasibətilə elmi sessiya keçirilib

27.02.2017

    Bu il Azərbaycan romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavidin “Maral” əsərinin yazılmasından 105 il ötür. Dahi mütəfəkkirin ikinci dram əsəri olan bu pyesin yubileyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində elmi sessiya keçirildi. Tədbirdə muzeyin direktoru, ədədbiyyatşünas-alim, filologiya üzrə elmlər doktoru, əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı ““Maral” Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciə” adlı elmi məruzə ilə çıxış etdi. Alim məruzəsində əsərin ətraflı ədəbi təhlilini verərək onun Azərbaycan ədəbiyyatı tarixində mövzu aktuallığını xüsusi vurğuladı. Bildirildi ki, ailə-məişət planında qələmə alınmış “Maral” pyesi pulun, sərvətin cəmiyyətdə törədə biləcəyi faciələri əks etdirir. G. Babaxanlı diqqətə çatdırdı ki, minillik zəngin Azərbaycan ədəbiyyatının ən yaxşı humanist ənənələrini davam və inkişaf etdirən dahi Azərbaycan şairi, dramaturqu və filosofu Hüseyn Cavidin ilk dramatik əsərlərindən biri olan “Maral” faciəsi də işıqlı ideyaların təbliği baxımından istisna təşkil etmir. Bu ideyalar arasında tolerantlıq və multikultural dəyərlər aparıcı yerlərdən birini tutur.
    Sonra “Hüseyn Cavidin “Maral” əsəri - 105 (ədəbi-tarixi xronika)” mövzusunda muzeyin əməkdaşı Bəsti Məmmədovanın elmi məruzəsi dinlənildi. O, məruzəsində əsər haqqında dolğun xronoloji məlumat verərək pyesin səhnələşdirmə tarixinə ətraflı nəzər saldı.
    Tədbir zamanı muzeyin ekspozisiyasında “Maral” əsərinə həsr olunmuş sərgi təşkil edilib və muzeyə gələn tamaşaçılar sərgi ilə yaxından tanış olublar.

Materiallardan istifadə edərkən sayta istinad etmək mütləqdir.