“Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” mövzusunda həyata keçirilən qrant layihəsinə yekun vurulub

16.11.2016


    AMEA Hüseyn Cavidin Ev Muzeyinin təşkilatı və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə muzeyin gənc əməkdaşı Fəridə Əliyevanın 3 ay müddətində 15 avqust-15 noyabr tarixində icra etdiyi "Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği" adlı layihə uğurla tamamlanmışdır. Layihə çərçivəsində son tədbir noyabr ayının 15-də Bakı şəhəri, Səbail rayonunda yerləşən Avropa-Azərbaycan Məktəbində baş tutmuşdur. Tədbirdə çıxış edənlər məktəbin Azərbaycan dili və ədəbiyyat kafedrasının rəhbəri, Əməkdar müəllim Hüseyn Şahbəndəyev, AMEA Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlov, şöbə müdiri Cəmilə Rzayeva, layihə rəhbəri Fəridə Əliyeva və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Nigar Babaxanova məktəblilərə dahi dramaturq Hüseyn Cavidin zəngin həyat və yaradıcılığı barədə ətraflı məruzə etmişlər. Eyni zamanda layihənin məqsəd və vəzifələri, eləcə də həyata keçirilən işlər barədə və layihə çərçivəsində Hüseyn Cavidin Ev Muzeyində hazırlanmış və çap olunmuş “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı haqqında da məktəblilərə geniş məlumat verilmiş və onlara kitablar hədiyyə olunmuşdur. Kitabın tərtibçisi və ön sözün müəllifi Hüseyn Cavidin Ev Muzeyinin direktoru, görkəmli ədəbiyyatşünas-alim, əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru, professor Gülbəniz Babaxanlı, elmi mələhətçisi AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, əməkdar elm xadimi, professor, millət vəkili, akademik İsa Həbibbəyli, redaktoru AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Tədbirdə Hüseyn Cavidin Ev Muzeyi haqqında təqdimatla tanış olan şagirdlər muzeyin eksponatları ilə ətraflı maraqlanmış və böyük şairin şeirlərindən parçalar səsləndirmişlər. Qeyd edək ki, əsas məqsədini yeniyetmə və gənclər arasında Hüseyn Cavidin zəngin bədii və fəlsəfi irsinin təbliği, onların tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, milli-mənəvi və bədii təfəkkürlərinin zənginləşdirilməsi təşkil edən layihəyə əsasən ümumilikdə Bakının 3 böyük məktəbində geniş təbliğat işi aparılmış və 200-dən artıq şagirdlə görüşlər keçirilmiş və 100 nüsxədən çox kitab onlara hədiyyə olunmuşdur.






Natiq Mürsəlov
Hüseyn Cavidin Ev Muzeyi
İctimaiyyətlə əlaqələrə məsul şəxs
Əlaqə: 012 492 06 57
huseinjavid@gmail.com