Elm və mədəniyyət ocağında keçən ədəbiyyatşünas ömrün səhifələri

03.08.2016

Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin direktoru,
filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi
Gülbəniz Babaxanlının 60 illik yubileyi münasibətilə


    Azərbaycanın elmi ictimaiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası alim və mütəxəssisləri, ölkəmizin ədəbiyyatşünaslıq sahəsinin çoxsaylı tədqiqatçıları və mədəniyyət sahəsinin mütəxəssisləri, dünya cavidşünaslığının nümayəndələri, çalışdığı kollektivin əməkdaşları filologiya üzrə elmlər doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlıya vətənpərvər ziyalı, zəhmətkeş tədqiqatçı alim, Cavidlər irsinin yorulmaz təbliğatçısı və qayğıkeş insan, böyük şəxsiyyət kimi daim hörmət bəsləyirlər.
    Gülbəniz İbrahim qızı Babaxanlı 1956-cı il avqust ayının 4-də Azərbaycanın dilbər guşələrindən biri olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində dünyaya göz açmışdır.
    1980-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini filoloq ixtisası üzrə bitirmiş, 1992-ci ildə namizədlik, 2011-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.
    1974-cü ildən əmək fəaliyyətinə başlayan Gülbəniz xanım, 1979-cu ildən 2004-cü ilə qədər AMEA Nizami adına ədəbiyyat muzeyində zal baxıcısı kimi fəaliyyətə başlayaraq özünü bacarıqlı, işgüzar və səriştəli kadr kimi təsdiqləmiş və “19-20-ci əsr Azərbaycan ədəbiyyatı şöbəsi”nin müdiri vəzifəsinə qədər yüksəlmişdir. 2004-cü ildən AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktorudur.
    Görkəmli ədəbiyyatşünas alim, fil.ü.e.d. Gülbəniz Babaxanlı dahi Cavidə böyük sevgisini təkcə sözdə deyil, işində də əks etdirən, elmi fəaliyyəti ilə cavidşünaslığa misilsiz töhfələr vermiş ziyalılardan biridir.
    2004-cü ildə Hüseyn Cavidin Ev Muzeyinə direktor təyin olunduqdan sonra G.Babaxanlı Cavid irsinin təbliği, tədqiqi və nəşri sahəsində, eləcə də cavidşünaslığın inkişafı istiqamətində elmi fəaliyyət göstərir. Onun son illərdə elmi tədqiqat fəaliyyəti cavidşünaslığın başlıca predmeti kimi ədibin zəngin ədəbi-fəlsəfi və bədii-estetik irsinin obyektiv şəkildə, elmi əsaslarla düzgün qiymətləndirilməsinə yönəlmişdir.
    Bütün dövrlərdə tədqiqat predmeti olan Cavid yaradıcılığı, özündə əks etdirən ümumbəşəri fəlsəfi ideyalarla dünyanın böyük sənətkarlarının əsərləri ilə səsləşdiyindən onun yaradıcılığından yazmaq və əsərlərini təhlil etmək hər bir tədqiqatçıdan böyük məsuliyyət tələb edir. Bu baxımdan G. Babaxanlının bir cavidşünas-alim kimi elmi tədqiqat fəaliyyətində aşağıdakı mühüm problemlərin həlli diqqət mərkəzində durur:
    1. Hüseyn Cavidin və ümumilikdə cavidlər ailəsinin həyat və yaradıcılığının geniş oxucu kütləsinə çatdırılması;
    2. Cavidin müxtəlif dövrlərdə (sağlığında, sovet dönəmində və müstəqillik illərində) çap olunmuş əsərlərinin yenidən nəşri, elmi təhlili, romantik bir şair kimi ədibin dramaturgiyasının təhlilini verən elmi-nəzəri monoqrafiyaların və məqalələrin yazılması.
    Ədəbiyyatşünas alimin elmi tədqiqat fəaliyyəti bir daha onu təsdiqləyir ki, dahi Cavidin sənəti Azərbaycan xalqının milli-mənəvi və bədii-fəlsəfi irsi kimi daim tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzindədir. Onun rəhbərliyi ilə AMEA Hüseyn Cavidin Ev Muzeyində son dövrlərdə cavidşünaslığa böyük töhfə olan mühüm nailiyyətlər əldə edilmişdir. Belə ki, G.Babaxanlının ideya müəllifliyi ilə muzeyin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri kimi “Cavidşünaslıq” çoxcildli toplusu hazırlanmışdır. Toplunun 2012-ci ildə nəşr edilən 10 cildində böyük şair Hüseyn Cavidin zəngin irsi haqqında müxtəlif illərdə (1912-1983) mətbuat səhifələrində dərc olunmuş məqalə və resenziyalarla yanaşı, həm də Cavidlə bağlı irili-xırdalı bütün məlumatlar öz əksini tapmışdır. Özündə əks etdirdiyi zəngin elmi informasiya baxımdan çoxcildli nəşr cavidşünaslığın inkişafında tədqiqatçılar üçün dəyərli bir mənbədir.
    Cavidşünas alimin uzun illər apardığı elmi tədqiqat işinin nəticəsi olaraq təhlili-təsviri ədəbiyyatşünaslıq üslubunda yazdığı “Azərbaycan ədəbi fikri və Hüseyn Cavid” monoqrafiyası da mühüm elmi aktuallıq kəsb edir. 2010-cu ildə nəşr edilmiş kitabda müəllif qeyd edir ki, XX əsrin 20-30-cu illərində Cavid yaradıcılığı ilə bağlı çoxlu sayda məqalələr, resensiyalar, elmi yazılar çap olunsa da, cavidşünaslığın bir elm kimi formalaşması 60-cı illərə təsadüf edir. Çünki, Cavidlə bağlı həmin yazıların əksər hissəsi onun yaradıcılığının elmi təhlilinə yox, əsərlərinin sosioloji planda açıqlamasına həsr olunmuşdur.
    Cavidşünaslığın keçən əsrin 60-90-cı illər mərhələsini G.Babaxanlı onun bir elm kimi yaranması, formalaşması və inkişafı kimi səciyyələndirir. Əsası akademik Məmməd Cəfərin “Hüseyn Cavid” monoqrafiyası ilə başlanan bu dövr cavidşünaslıqda ən məhsuldar mərhələ hesab olunur.
    Romantik bir sənətkar kimi Hüseyn Cavidin yaradıcılığı ilə bağlı qələmə alınan elmi-nəzəri yazılar G.Babaxanlı tərəfindən ayrıca təhlil hədəfinə çevrilir. Bu dövrdə “Cavid teatrı” anlayışı da ədəbi dövriyəyə daxil olur ki, Azərbaycan teatr sənətini və mədəniyyətini dahi Cavidin dramaturgiyası olmadan təsəvvür etmək qeyri mümkündür. Məhz buna görə də, G.Babaxanlı bu mövzuya monoqrafiyada xüsusi yer vermişdir.
    Müstəqillik illərindən başlayaraq cavidşünaslıqda yeni bir mərhələ başlayır ki, burada Cavid yaradıcığı ilə bağlı çox az işlənən mövzular aktuallıq kəsb edir: Cavid və sufizm, Cavid və türkçülük, sənətkarın estetik idealı, Cavid irsi və müasir ədəbiyyatımız, Cavid və gerçək dünya və s. göstərilən mövzuların elmi təhlili kitabda mühüm yer tutur.
    2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə fil.ü.e.d. Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası çap olunmuşdur. Tədqiqat əsərində Ulu öndərin mədəniyyət siyasəti kontekstində iki dahinin münasibətləri araşdırma obyektinə çevrilmişdir.
    Kitab özünəməxsus üslubu ilə Azərbaycan tarixində əvəzsiz rol oynamış, hətta ölkə tarixinin axarını müəyyənləşdirmiş iki böyük şəxsiyyətin – Heydər Əliyevin və Hüseyn Cavidin fəaliyyətlərindəki qarşılıqlı münasibətləri geniş oxucu kütləsinə çatdırır. Belə ki, Azərbaycan klassik ədəbiyyatının, o sıradan Cavidin mütərəqqi humanist ideyaları, bəşəri görüşləri, insansevər və vətənpərvər ənənələri ruhunda böyümüş Heydər Əliyev Azərbaycan xalqının əbədi və əvəzedilməz liderinə çevrildikdən sonra öz haqq işində daim bu ənənələri rəhbər tutmuşdur.
    Görkəmli cavidşünas-alimin elmi fəaliyyətinin əsas nailiyyətlərindən biri də Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin zəngin irsini özündə əks etdirən “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildli kitabının hazırlanması və nəşridir. Çoxcildli kitab G.Babaxanlının layihəsi və tərtibçiliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 aprel 2011-ci il tarixli sərəncamı ilə 10 cildi 2011-ci ildə, 3 cildi isə 2015-ci ildə çap edilmişdir. Ərtoğrol Cavidin çoxyönlü fəaliyyətinin əsas istiqamətlərindən biri kimi, onun AMEA Hüseyn Cavidin Ev Muzeyində saxlanılan materiallar əsasında folklorşünaslıq irsini özündə əks etdirən 13 cildlik nəşrlə oxucuların istifadəsinə verilən materialların bir qismi orijinaldır, bir qisminin variantları isə çap olunub.
    “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinə görə G.Babaxanlı 26 aprel 2012-ci ildə HUMAY-XXII Akademiyası tərəfindən “HUMAY” Milli Mukafatı ilə təltif edilmişdir.
    Bütün ömrünü valideyinlərinin və qardaşının xatirəsinin yaşamasına, Hüseyn Cavid və Ərtoğrol Cavid irsinin toplanıb təbliğ olunmasına, Cavidlər ailəsinin nurunu yaşadacaq ev-muzeyinin yaradılmasına həsr etmiş Turan Cavidin zəngin irsi də fil.ü.e.d. G.Babaxanlının elmi fəaliyyətinin digər bir tədqiqat obyektidir. Belə ki, 2014-cü ildə Turan Cavidin yaradıcılıq və araşdırmaçılıq missiyası ilə keçən maraqlı və zəngin həyat yolu, onun şəxsiyyəti və ictimai fəaliyyətini özündə əks etdirən materiallar əsasında Gülbəniz Babaxanlının layihəsi və tərtibçiliyi ilə “Turan Cavid: Ömür salnaməsi” kitab-albomu çap olunmuşdur. Kitabda 100-ə yaxın müxtəlif mətn, 300-dən artıq foto və sənəd yer almaqla Turan Cavidin bütün həyat və yaradıcılığına işıq salmışdır. İlk dəfə olaraq bu kitabla Turan Cavid haqqında olan materiallar sistemli və kompleks şəkildə toplanaraq nəşr halına gətirilmişdir.
    Hüseyn Cavidin və cavidlər ailəsinin zəngin irsinin təbliği məqsədi ilə G.Babaxanlı respublikada və xaricdə - İtaliya, İspaniya, İran, Türkiyə, Rusiya, Türkmənistan, Özbəkistanda keçirilən konfrans və sərgilərdə iştirak etmiş, beynəlxalq elmi jurnallarda məqalələri dərc olunmuşdur.
    G.Babaxanlı 12 ilə yaxındır ki, taleyini AMEA Hüseyn Cavidin Ev Muzeyi ilə bağlayan görkəmli tədqiqatçı, eyni zamanda bacarıqlı elmi və inzibati təşkilatçıdır. O, yüksək səriştə və bacarığı sayəsində qısa müddət ərzində muzeyin fəaliyyətində əsaslı dönüş yaratmışdır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Muzeydə fondlar və onlarda qorunan eksponatlar xüsusiyyətlərinə uyğun olaraq yerləşdirilmiş, bir sıra yeni orijinal eksponatlar əldə edilmiş, ekspozisiyanın yeniləşdirilməsi üçün müvafiq muzey avadanlığı alınmış, müxtəlif məzmunlu sərgilər hazırlanmışdır. Muzey tarixində ilk dəfə olaraq elmi kataloq və kitab-albomların çap olunması təşkil edilmişdir. G.Babaxanlının təşkilatçılıq fəaliyyəti nəticəsində xarici ölkə muzeyləri və alimləri ilə elmi əlaqələr yaradılmış, muzeyin sərgiləri Almaniya, Norveç, Rusiya və s. ölkələrdəki muzeylərdə nümayiş olunmuşdur.
    Məhz buna görədir ki, cavidşünas bir alim kimi Gülbəniz Babaxanlının Cavid irsinin təbliği və tədqiqi sahəsində elmi və təşkilatçılıq fəaliyyəti Azərbaycan ziyalısı nümunəsində daim yüksək qiymətləndirilir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları 03 noyabr 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə imzaladığı “Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında” sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə, AMEA Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz İbrahim qızı Babaxanlını “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görməklə Hüseyn Cavidin zəngin irsinin təbliği və tədqiqini yüksək qiymətləndirmişdir.
    İnsan ömrünün kamilliyə və müdrikliyə qovuşduran mərhələsi hesab edilən 60 illik yaşa öz zəhməti, intellektual zəkası ilə qədəm qoymuş, dəyərli şəxsiyyət, görkəmli alim və ziyalı insan Gülbəniz Babaxanlıya uzun ömür, möhkəm cansağlığı, elmi və təşkilati fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər və nailiyyətlər azru edirik!

Natiq Mürsəlov
Azərbaycan Milli Elmlər Akademiyası
Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi.