Turan Cavid anıldı

12.09.2013

AMEA Hüseyn Cavidin Ev Muzeyində 12 sentyabr 2013-cü il tarixində dəyərli muzeyşünas, pedaqoq, mətnşünas və gözəl teatr bilicisi Turan Cavidin anım günü keçirildi. Bu münasibətlə muzeydə Turan xanımla bağlı sərgi təşkil edildi. Burada Turan Cavidin ömrünün müxtəlif anlarını əks etdirən fotolar, ona məxsus sənədlər, H.Cavidin Ev Muzeyinin və Hüseyn Cavidin Naxçıvandakı məqbərəsinin rəsmi açılışı zamanı çəkilən şəkillər, ailəvi fotoları nümayiş edildi. Tədbir iştirakçıları sərgi ilə yaxından tanış oldular, sonra Turan xanımın fotolarından ibarət slayd filmi izlədilər. Tədbiri giriş sözü ilə Muzeyin direktoru filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı açdı. G.Babaxanlı Turan xanım haqqında, onun həyatı, yaradıcılığı barədə və Turan xanımın Hüseyn Cavidlə bağlı xatirələrindən danışdı. Tədbirdə Muzey əməkdaşları da Turan xanımın xidmətləri haqqında ətraflı söhbət açdılar. Muzeyin elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva muzeyin elmi fondunda Turan xanıma məxsus dəyərli eksponatların qorunub saxlanıldığını qeyd etdi. Turan xanımın vəfatından 9 il ötməsinə baxmayaraq hər il onun xatirəsi anılır, yad edilir. Turan Cavid 12 Sentyabr 2004-cü il Bakı şəhərində vəfat etmiş və ölkə başçısının göstərişi ilə Naxçıvandakı Cavid məqbərəsində dəfn edilmişdir. Cavidlərin ruhu şad olsun!