MUZEYİN TARİXİ


Azərbaycan KP MK-nın 21 iyul 1981-ci ildə "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qəbul etdiyi qərarda Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidin xatirə muzeylərinin yaradılması, Bakı şəhərinin İstiqlaliyyət (keçmiş Kommunist) küçəsində Hüseyn Cavidin 1920-ci ildən 1937-ci ilədək yaşamış olduğu 8 saylı evin fasadının təzələnməsi və ona yazıçının xatirə lövhəsinin vurulması göstərilirdi. Bu qərar əsasında Mədəniyyət Nazirliyninin 14 avqust 1981-ci il tarixli 228 saylı əmri ilə Hüseyn Cavidin 100 illik yubileyinin keçirilməsi və 15 dekabr 1981-ci il tarixli 522 saylı əmri ilə Bakı şəhərində Hüseyn Cavidin memorial muzeyinin açılması nəzərdə tutulurdu. Mədəniyyət Nazirliyinin 1991-ci il 16 aprel tarixli əmrinə əsasən adı çəkilən binanın 5 otağı Hüseyn Cavidin ev muzeyi üçün ayrılmışdı. Lakin bina həmin bina olsa da, ayrılmış 5 otaq Cavidlərin yaşadığı otaqlar deyildi. Yeganə üstünlük onda idi ki, Hüseyn Cavid vaxtı ilə bu otaqlarda dərs demişdi. Əlyazmalar institutunun o zamankı rəhbərliyi səhv olaraq belə fikirləşirdi ki, bina instituta məxsus olduğu üçün, Hüseyn Cavidin vaxtı ilə yaşadığı və əsərlərini yaratdığı otaqlarda muzey yerləşə bilməz. Ancaq zaman göstərdi ki, Hüseyn Cavidin ev muzeyi başqa otaqlarda deyil, məhz onun və ailəsinin yaşadığı və ölməz əsərlərini yaratdığı otaqlarda yerləşməlidir. Binada isə, əslində hansı idarənin və ya institutun yerləşməsinin heç bir əhəmiyyəti yoxdur. Cavid şəxsiyyəti, Cavid yaradıcılığı yerləşdiyi məkana, məxsus olduğu millətə ancaq şərəf gətirər. 10 iyun 1995-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin yanında tarixi müşavirə keçirildi və 14 illik fasilədən sonra Hüseyn Cavidin Naxçıvanda məqbərəsinin, Bakıda ev muzeyinin yaradılması ilə əlaqədar məsələlər müzakirə olundu və dərhal öz həllini tapdı. Bununla əlaqədar Nazirlər Kabinetinin 10 iyul 1995-ci il 160 saylı qərarı ilə Hüseyn Cavidin ev muzeyinin yaradılması, onun Azərbaycan EA-nın tabeliyinə verilməklə ədibin yaşadığı binanın, (İstiqlaliyyət küçəsi,8) 2-ci mərtəbəsində giriş də daxil olmaqla, 3-cü mərtəbəsində yerləşməsi və Hüseyn Cavidin ev muzeyi adlandırılması məsələsi həll olundu. H.Cavidin ev muzeyi 245 kv metr sahəni əhatə edir və onun 130 kv metrində ekspozisiya yerləşir. Muzeyin tərtibatı elə düşünülüb ki, ekspozisiya artıq 2-ci mərtəbədən başlanır və muzeyə gələn hər bir adam artıq girişdən Cavidlər mühitinə düşüb, Cavidlər dünyasına qatılır. Ekspozisiyada 1000-ə yaxın eksponat nümayiş etdirilir. Bu eksponatlar içərisində məhz H.Cavidin əlyazmaları, Cavidlər ailəsinə məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqramm, afişa və fotolar, Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, bunlardan Ü. Hacıbəyova həsr etdiyi fortepiano üçün "9 variasiya", "Eşq olsun", "Skripka ilə fortepiano üçün poema" və s. əsərləri, daha sonra vallar, müxtəlif sənədlər, məktublar vardır. Həmçinin Turan Cavidin fəaliyyəti ilə bağlı olan materiallar nümayiş edilir. Hüseyn Cavidin yazı masası, Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir çox eksponatlar ekspozisiyada əsas yer tutur. Ekspozisiyanın tərtibatı zamanı bir neçə görkəmli sənət xadimlərinə süjetli əsərlər sifariş olunmuş və bu əsərlər ekspozisiyanı daha da zənginləşdirmiş, onu baxımlı və maraqlı etmişdir. Bunlardan Oqtay Sadıqzadənin "Cavid dünyası" triptixi, "Mişkinaz xanım" portreti, Ömər Eldarovun "Hüseyn Cavid", "M. Cavid", "Ə.Cavid", "T.Cavid" mərmər büstləri, A. Hacıyevin "Son yay" və "Hüseyn Cavid" əsərləri, İ.İbrahimovun "Naxçıvandakı məqbərənin maketi", Cavidlər ailəsinin hər birinə həsr olunmuş süjetli xalça, Ə.Əliyevin "İblis operasının yaranması" əsəri, S. və F.Məmmədvəliyevlərin ağacda oyma üsulu ilə Hüseyn Cavidin ərəb qrafikası ilə adı və soyadı yazılmış miz və üstündə "Azər"dən parçalar olan gümbəz şəkilli fiqur, Cavid əsərlərinin adlarının ağac üzərində oymaları və s. əsl sənət nümunələrini göstərmək olar. Muzeydə məxsusi olaraq 1 otaq, Cavidin iş otağı, repressiya otağı kimi ayrılıb. Bu otaqda O.Sadıqzadənin böyük ürək yanğısı ilə işlədiyi "1937-ci ilin repressiya qurbanları" - "Qara yazı" əsəri və V. Ucatayın "Zordan üstün" əsəri həm Hüseyn Cavidə, həm də Azərbaycanın digər repressiya qurbanlarının xatirəsinə rekviem kimi qəbul olunur. Muzeyin əsas fondunda 11000 eksponat mühafizə olunur. Bunların sayı yeni materiallar hesabına daima artır. Muzeyin fondunda H.Cavidə məxsus əlyazmaları, əsərləri, tədqiqat əsərləri, tarixi sənədlər, fonoteka, videoteka, multimedia, xatirə əşyaları, Ə.Cavidin və T.Cavidin şəxsi arxivləri kimi bölmələr yaradılmışdır. Təəssüflər olsun ki, 2000-ci il noyabrın 25-də Bakıda baş vermiş zəlzələ nəticəsində muzeyin ekspozisiya sahəsi zədələndiyinə görə muzey bir müddət ekspozisiyasını aça bilmədi. Muzeyin ekspozisiya sahəsi bir daha təmir olunduqdan sonra bu mümkün oldu. 23 oktyabr 2002 ci il tarixdə Prezident Heydər Əliyev "Hüseyn Cavidin 120 illik yubileyi haqqında" sərəncam imzaladı. 24 oktyabr 2002-ci il tarixdə, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Hüseyn Cavidin ev muzeyinin açılış lentini kəsərək, ekspozisiya ilə tanış olub, muzeyin rəy kitabına ürək sözlərini yazdı və gələcək fəaliyyətinə xeyir-dua verdi. Beləliklə, 24 oktyabr 2002-ci il tarixdən Hüseyn Cavidin ev muzeyinin ekspozisiyası qapılarını geniş tamaşaçı auditoriyasının üzünə açdı. Bu müddət ərzində, məhz Hüseyn Cavidin 120 illik yubileyi ilə əlaqədar verilmiş sərəncama müvafiq olaraq, muzeyin ekspozisiyasında günümüzlə səsləşən müəyyən yeniləşmə işləri aparılır. Hazırda Hüseyn Cavidin ev muzeyi tam hüquqla tərkibinə daxil olduğu Milli Elmlər Akademiyasının elmi idarələrindən biridir. Muzeydə Elmi Şura və 5 şöbə ("Cavidşünaslıq" - H.Cavid və ümumiyyətlə cavidlər irsinə aid materialların tədqiqi; ekspozisiya və səyyar sərgilərin hazırlanması və təkmilləşdirilməsi, "Elmi kütləvi işlər şöbəsi" - H.Cavid və ümumiyyətlə cavidlər irsinin təbliği, sərgilərin nümayişi və tədbirlərin təşkili, "Elmi fondlar şöbəsi" - H.Cavid və ümumiyyətlə cavidlər irsinə aid materialların toplanması, qeydiyyata salınması, elmi təsvirinin verilməsi və mühafizəsi, "Elmi və bədii tərtibat şöbəsi" - Ekspozisiyanın və səyyar sərgilərin bədii tərtibatı, Hüseyn Cavidin Ev Muzeyinin VEB saytının dizayn tərtibat işləri, "Elmi ekspozisiya şöbəsi" - H.Cavid və ümumiyyətlə cavidlər irsinə aid materialların qorunması və təqdimi, "Elmi informasiya və kitabxana şöbəsi" - H.Cavid və ümumiyyətlə cavidlər irsinə aid kitabların toplanması, saxlanması və oxuculara xidmət, "Ümumi şöbə" - Təssərrüfat işlərinin təşkili) fəaliyyət fəaliyyət göstərir. Bu gün H.Cavidin Ev Muzeyinin nəşrləri geniş oxucu kütləsinə təqdim olunmuşdur: Hüseyn Cavid "Əsərləri" (şeirlər və poema, 2005), "Hüseyn Cavid: həyat və sənət yolu" (Biblioqrafik göstərici-2006), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı ilə nəşr olunan "Hüseyn Cavid əsərləri 5 cilddə" külliyyatı (2005), "Hüseyn Cavid əsərləri 5 cilddə" külliyyatının təkrar nəşri (2007), "Məhəbbətdir ən böyük din" seçmə şeirləri fransız dilində (2007), "Cavid hikməti - Seçmə aforizmlər" (2008), Cavid hikməti - seçmə aforizmlər (miniatür kitab, 2010), Hüseyn Cavid və Abdulla Şaiq "Ədəbiyyat dərsləri" (2010), Hüseyn Cavid "Topal Teymur" (2010), G.Babaxanlı "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" (monoqrafiya), Hüseyn Cavidin anadan olmasının 125 illiyinə həsr edilmiş "Hüseyn Cavid irsi və müasir dövr" (beynəlxalq elmi konfransın materiallarını əhatə edən məqalələr toplusu, 2007), Hüseyn Cavidin ev muzeyinin bukleti, muzeyin fəaliyyətini əks etdirən "Hüseyn Cavidin Ev Muzeyi" (albom-kitab, 2009), Ərtoğrol Cavidin musiqi əsərlərindən ibarət CD və DVD disklər, Hüseyn Cavidin "Şeyx Sənan" əsəri fars dilində, H.Cavidin əsərlərindən seçmə aforizmlər fars əlifbasında, "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid" çoxcildliyi 10 cilddə (2011), çoxcildli "Cavidşünaslıq" elmi araşdırmalar toplusunun 10 cildi (2012), "Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında" Beynəlxalq elmi konfransın materialları (H.Cavid-130, 2012), "Sözləri Hüseyn Cavidindir" adlı mahnı albomu (2012), H.Cavidin "Şeyda" dramı 10 dildə (rus, ingilis, fransız, yunan dillərində - 2012, alman, çex, polyak, belarus, bolqar, ukrayna dillərində - 2013), "Türk dünyasını işıqlandıranlar: M.Akif Ersoy, Hüseyn Cavid" Beynəlxalq konfransın materialları (2013), Gülbəniz Babaxanlı "Heydər Əliyev və Hüseyn Cavid" (monoqrafiya-2013), Timuçin Әfәndiyev. Hüseyn Cavid: ideal həqiqət axtarışı (2013). Muzeydə Cavidlər ailəsinin doğum və anım günləri hər il bu ailəyə məxsus bənzərsiz, ilıq və munis bir ab-havada keçirilir. Hüseyn Cavidin ev muzeyi Naxçıvanda yerləşən Hüseyn Cavidin ev muzeyi ilə mütəmadi yaradıcılıq əlaqələri saxlayır, ona lazımi metodiki yardım göstərir. Hüseyn Cavidin ev muzeyi gələcəkdə də Cavidlər irsinin tədqiqi, öyrənilməsi, qorunması və təbliği istiqamətində öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirəcək.



Səhifəni çap et