Mədəniyyət naziri Anar Kərimov Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdi

15.09.2022

Bu günlərdə “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən digər muzeylərlə yanaşı, Hüseyn Cavidin Ev Muzeyinin də əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən görülən zəruri tədbirlər çərçivəsində nazir Anar Kərimov, AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və Nazirliyin Aparatının Muzey, qalereya və sərgilər şöbəsinin rəhbər heyəti Hüseyn Cavidin Ev Muzeyini ziyarət etdilər. Öncə Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı nazirliyin nümayəndələrini muzeyin tarixi, görkəmli şairin həyat və yaradıcılığını əks etdirən ekspozisiyası ilə tanış etdi. O, məhz yaşadığı evdə Hüseyn Cavidin Ev Muzeyinin yaradılmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğuladı. Gülbəniz Babaxanlı muzeyin fəaliyyət göstərdiyi illər ərzində Hüseyn Cavid yaradıcılığının təbliği məqsədilə həyata keçirilən tədbirlər və nəşrlər barədə ətraflı məlumat verdi.
Anar Kərimov öz ürək sözlərini və muzey haqqında təəssüratlarını Hüseyn Cavidin Ev Muzeyinin rəy kitabına qeyd etdi. Daha sonranazir görüş çərçivəsində muzeyin iş otaqları, fondu və əməkdaşları ilə tanış oldu, muzeyin gələcək fəaliyyətində uğurlar dilədi.
Anar Kərimov çıxışında muzeylərin yalnız Azərbaycan xalqının tarixi və mədəni ənənələrini tədqiq və təşviq etdirən, mədəni inkişaf istiqamətində əməli tədbirlər həyata keçirən, milli mədəniyyətin qorunması, zənginləşdirilməsi və inkişafında xidmətlər göstərən müəssisə kimi deyil, həmçinin elmi-tədqiqat müəssisəsi kimi fəaliyyətinin davam etdirilməsinin zəruriliyindən bəhs etdi. Nazir Azərbaycan dövlətinin daim xalqın maddi-mənəvi və milli dəyərlərinin qorunub saxlanılmasına, inkişafına xidmət edən strateji siyasi kursa üstünlük verdiyi üçün cənab Prezident İlham Əliyev tərəfindən mütəmadi olaraq muzeylərlə bağlı bir sıra fərman və sərəncamların imzalandığını qeyd etdi.















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.