Turan Cavidin vəfatından 18 il ötür

12.09.2022

Bu gün Hüseyn Cavidin Ev Muzeyində böyük Azərbaycan şairi və dramaturqunun qızı, görkəmli muzeyşünas, teatrşünas, mətnşünas, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Turan Cavidin vəfatının növbəti ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə bir dəqiqəlik sükutla bu mübariz Azərbaycan qadınının dönməz ruhu qarşısında baş əyiblər. Tədbirdə çıxış edənlər kiçik yaşlarından həyatın ən sərt üzünü görən, atasının təmiz adının əbədiləşməsi uğrunda qətiyyətlə mübarizə aparan, 81 il ömür sürüb, yalnız vəfatından sonra Cavid məqbərəsində əbədi rahatlıq tapan Turan Cavidin üzərinə düşən həyat missiyasını ləyaqətlə yerinə yetirən vətənpərvər ziyalı, atasının ideyalarına sadiq övlad olmasından danışıblar.
Bildirilib ki, Hüseyn Cavid üslubunu, təkraredilməz, unikal bədii dilini qorumaqla ədibin müfəssəl beşcildliyini hazırlayıb oxucuların ixtiyarına vermək və Ulu öndər Heydər Əliyevin köməkliyi ilə Bakının mərkəzində, bir vaxtlar Cavidlər ailəsinin yaşadığı mənzildə şairin ev-muzeyini yaratmaq Turan xanımın atasının ruhu və xalqımız qarşısında ən böyük xidməti olub.
Qeyd edilib ki, vaxtı ilə Turan xanımın rəhbərlik etdiyi Hüseyn Cavidin Ev Muzeyinin fondunda onun özünün həyat və yaradıcılığına işıq tutan kifayət qədər material mühafizə olunur. Onun fədakar elmi-ictimai fəaliyyəti, şəxsiyyəti barədə 100-ə yaxın yazılı mətn, 300-dən artıq foto və sənəd muzeyin hazırkı baş direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlının tərtibçisi olduğu və 2014-cü ildə nəfis şəkildə çap olunan “Turan Cavid. Ömür salnaməsi” kitabına daxil edilib.
Daha sonra tədbir iştirakçıları muzey əməkdaşlarının hazırladığı Turan Cavidin həyat və fəaliyyətini əks etdirən eksponatlardan və kitablardan ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, bu gün ərzində muzeyi ziyarət edən qonaqlara Turan xanım haqqında daha ətraflı məlumat verilib. Ziyarətçilər onun həyat tarixçəsini qürur və nisgillə dinləyiblər.















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.