Hüseyn Cavidin həbsindən 85 il ötür

03.06.2022

Bu gün AMEA Hüseyn Cavidin Ev Muzeyində dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həbs olunmasının 85 illiyi münasibətilə elmi sessiya keçirildi. Elmi sessiyanı muzeyin baş direktoru, filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı açdı. O, öz məruzəsində bildirdi ki, 1937-ci il Azərbaycanın bir çox vətənpərvər övladlarının taleyində olduğu kimi Hüseyn Cavidin həyatına da qara möhür vurdu. Həmin ilin iyun ayının 3-də Cavidə qarşı millətçi ittihamı irəli sürüldü, növbəti gün gecə saat 12 radələrində Cavidlərin yaşadığı mənzilin qapısı da döyüldü. O məşum gecədə Azərbaycan ədəbiyyatı sağalmaz zərbə aldı. Belə ki, həmin gecə Hüseyn Cavidlə yanaşı, Əhməd Cavad, Seyid Hüseyn, Mikayıl Müşfiq həbs edildi. 4 iyun gecəsi həbs olunan Hüseyn Cavid tam 2 il müddətində Keşlə və Bayıl həbsxanalarında ağır şəraitdə saxlanıldı. Şair 1939-cu ilin 4 iyulunda anti-sovet təbliğatında iştirakına görə 8 il həbs cəzası alaraq Sibirə sürgün edildi. O, 1941-ci il dekabrın 5-də İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndindəki Əlillər evində dünyasını dəyişdi və orada torpağa tapşırıldı.
Alim onu da vurğuladı ki, yalnız 41 ildən sonra Hüseyn Cavidin cənazəsinin qalıqları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə vətənə qaytarıldı və xatirəsinin əbədiləşdirilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Əsərləri yenidən nəşr edilib, ev muzeyi yaradıldı. Gülbəniz Babaxanlı şairin ömür-gün yoldaşı Mişkinaz xanımın 1937-ci ildə İ.Stalinə yazdığı üsyan dolu məktubunu xatırlatdı. Bildirdi ki, məktubun müəllifi Azərbaycan Şekspiri adlandırılan Cavidin xalq düşməni kimi damğalanmasına etiraz edirdi.
Daha sonra muzey əməkdaşları elmi sessiya iştirakçılarını Cavidin həbs olunduğu gecəni xatırladan eksponatlarla tanış etdilər.
Qeyd edək ki, bu elmi sessiya da Hüseyn Cavidin anadan olmasının 140 illik yubileyi tədbirlər planına uyğun olaraq həyata keçirilib.















© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.huseyncavid.az saytına istinad zəruridir.